Azərbaycan Dövlət Pantomim Teatrının “Xocalı bu olub” tamaşası Varşavada nümayiş olunacaq. Bu məqsədlə teatrın yaradıcı heyəti Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və Polşadakı səfirliyimizin dəvəti ilə Varşavaya yola düşüb. Kollektiv Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə fevralın 24-də Xalq artisti Bəxtiyar Xanızadənin “Xocalı bu olub” tamaşasını nümayiş etdirəcək.

Dövlət sifarişi ilə hazırlanan tamaşanın müəllifi və quruluşçu rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Əməkdar artistlər Elman Rəfiyev, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, eləcə də Elnur Rzayev, Cavad Nuriyev, Nurlan Rüstəmov, Nuridə Musabəyli, Elxan Şahəliyev, Solmaz Bədəlova, Səbirə Həsənova ifa edirlər.

Dövlət Pantomim Teatrının direktoru Elman Rəfiyev bildirib ki, “Xocalı bu olub” tamaşası ölkəmizdən xaricdə ilk dəfə 2019-cu il fevralın 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş maraqla qarşılanmışdı. Direktor həmçinin qeyd edib ki, teatrın repertuarında Xocalıya həsr olunan daha bir səhnə əsəri “Unutmayaq”dır. Rejissoru Əməkdar artist Bəhruz Əhmədli olan tamaşa ilk dəfə Xocalı faciəsinin 20-ci ildönümündə, 2012-ci ildə Berlində, daha sonra Parisdə oynanılaraq böyük maraq doğurmuşdu: “Əsrlər keçsə də, xalqımız bu faciəni unutmayacaq. Nə xoş bizə ki, torpaqlarımız işğaldan azad olundu. Biz bu dəfə səfərə qalib xalqın nümayəndəsi kimi gedirik”.

Lalə