Azərbaycan

 

26 fevral 1892 – Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.

26 fevral 1927 – Aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (Ələkbər Fərəculla oğlu Əliyev; 1879-1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.

 

27 fevral 1901 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 – 2.2.1983) Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Mətbu orqanlarda çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

27 fevral 1984 – Aktyor, rejissor Eldar Həsən oğlu Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür”, “Mən ki gözəl deyildim” və s. filmlərdə çəkilib, Dövlət Rus Dram Teatrında çalışıb.

 

28 fevral 1894 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (1894 – 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Qanun naminə” və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.

28 fevral 1908 – Tanınmış türkoloq, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908-1965) Bakıda anadan olub.

28 fevral 1918 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 – 4.1.2000) Kazan şəhərində doğulub. 1938-ci ildən Akademik Dram Teatrının aktrisası olub, 1993-cü ildən Bakı Bələdiyyə Teatrında çalışıb. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

28 fevral 1940 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (1940 – 29.11.1994) anadan olub. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyaların müəllifidir.

28 fevral 1944 – Əməkdar artist, tanınmış müğənni Nəzakət Əli qızı Məmmədova (1944 – 21.10.1980) Gəncə şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.

 

1 mart 1947 – Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1947 – 8.1.2022) anadan olub. Dövlət Akademik Musiqili Teatrının aktyoru olub, film və televiziya tamaşalarında çəkilib.

1 mart 1952 – Əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq Aydın Ərşad oğlu Dadaşov (1952 – 15.3.2017) Ağdamda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

Dünya

 

26 fevral 1564 – İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564-1593) anadan olub.

26 fevral 1802 – Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo; 1802 – 22.5.1885) anadan olub. “Səfillər”, “Gülən adam”, “Paris Notr-Dam kilsəsi” və s. romanların müəllifidir.

 

27 fevral 1807 – Məşhur Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow; 1807-1882) anadan olub. 

27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck; 1902 – 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.

27 fevral 1912 – İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell; 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.

27 fevral 1913 – Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913 – 27.9.2009) anadan olub.

27 fevral 1932 – Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 – 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

 

28 fevral 1823 – Fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan; 1823-1892) anadan olub. Peyğəmbərlər haqqında kitabların müəllifidir.

28 fevral 1892 – Müasir Türkiyə teatrının qurucularından biri, kino aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.

28 fevral 1893 – Rus kinorejissoru, SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.

 

1 mart 1445 – İntibah dövrünün məşhur italyan rəssamı Sandro Bottiçelli (əsl adı – Alessandro di Mariano di Vanni Filipepi; 1445 – 17.5.1510) anadan olub.

1 mart 1810 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810 – 17.10.1849) anadan olub.

1 mart 1892 – Yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.

Hazırladı: Vüqar Orxan