“Cinayətin cəzası” və “Xocalı dünyanın gözü ilə”
Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Cinayətin cəzası” adlı sərgi açılıb. Sərgidə Xalq rəssamı Xanlar Əhmədovun muzeyə hədiyyə etdiyi 18 əsər nümayiş olunur.
Tədbirdə çıxış edənlər rəssamın bu addımını mədəniyyət xeyriyyəçiliyi kimi yüksək qiymətləndiriblər. Xanlar Əhmədova Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.
Çıxışlarda vurğulanıb ki, bəşəriyyətə qarşı amansız bir cinayət olan Xocalı soyqırımı, bu faciənin bütün ağrı-acısına rəğmən, artıq ikinci ildir ki, xalqımız tərəfindən nisbətən fərqli əhvalda yad edilir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu otuzillik işğala son qoyaraq, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin qisasını döyüş meydanında aldı.
Bu gün biz Xocalı qurbanlarının xatirəsini yad edərkən daxilən inanırıq ki, bütün şəhidlərimiz kimi, onların da ruhu artıq şaddır.
İstiqlal Muzeyində “Cinayətin cəzası” adlı sərgi martın 1-dək davam edəcək.
***
İstiqlal Muzeyində Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə daha bir sərgi fevralın 23-də təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə birgə təşkil edilən “Xocalı dünyanın gözü ilə” adlı səyyar sərgidə xarici fotoqrafların çəkdiyi, muzeyin fondlarında saxlanılan fotolar nümayiş olunub. Fotolarda müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı keçirilmiş anım tədbirləri də əksini tapıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sərgi ilə tanış olublar.