Xocalı adlı dözülməz ağrımızın, sərhədsiz kədərimizin otuzuncu ildönümünə yaxınlaşırıq. Faciənin miqyasından səni ilbəil məsafə olaraq uzaqlaşdıran rəqəmlər artdıqca onun içində qalaqlanan, çiyinlərində ağırlaşan yükünü daha dərindən hiss edirsən. Söhbət Xocalının söz, sənət, ədəbiyyat, incəsənət üçün yükündən, ağrısından, ağırlığından gedir.

Həmişə bu ildönümləri, faciənin faktları, xüsusilə də Xocalı faciəsinin sağ qalan və artıq yaşlanan şahidləri ilə bağlı oxuduqca, onları dinlədikcə “Görəsən, niyə bu boyda təsvirlər, xatirələr, ifadələr bir  təsirli bədii əsərə çevrilə bilmir” sualına cavab tapmağa çalışıram. Əlbəttə, bu mövzuda ədəbiyyatımızda da, teatr və kino, eləcə də musiqi sənətimizdə nümunələr var.  Amma etiraf edək ki, Xocalı faciəsinə bəşəri bir miqyasda şahidlik edib, məhz həmin miqyasda bizə, dünyaya təqdim edən nümunə yoxdur...

İndi isə keçək, sərlövhədə qeyd etdiyimiz kimi, teatrların Xocalı ilə bağlı cari proqramlarına. Xatırladaq ki, dövlət başçısı 28 yanvar 2022-ci il tarixində  Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Bu isə o deməkdir ki, teatrların Xocalı mövzusu, sadəcə, fevral ayı ilə məhdudlaşmalı deyil, yaradıcı heyətlərin ümumilikdə il ərzində bu mövzuda yaradıcı təşəbbüsləri həyata keçirmək imkanları var... 

 

Akademik Opera və Balet Teatrı fevralın 25-də “Böyüməyən uşaqlar” adlı tamaşanın nümayişinə ev sahibliyi edəcək. Tamaşa Elşad Eyvazlının eyniadlı kitabının motivləri əsasında Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı tərəfindən hazırlanıb. Layihə Ukrayna Azərbaycanlıları Radasının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib. Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş tamaşa ilk dəfə 2019-cu ildə Kiyevdəki “Bravo” teatrında səhnəyə qoyulub və maraqla qarşılanıb.

 

Akademik Milli Dram Teatrı fevralın 26-da cari repertuardan “Qarabağnamə” tamaşasını təqdim edəcək. Uzun illərdir teatrın repertuarında olan tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilib. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında isə “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.  Qürur mənbəyimiz olan şəhidlərə, qazilərə və onların bizə bəxş etdiyi Zəfərin simasına çevrilən analarımıza həsr olunan tamaşa teatrın rejissoru Samir Qulamovun pyesi əsasında və müəllifin öz quruluşunda hazırlanıb.

 

Akademik Rus Dram Teatrının səhnəsində fevralın 25-də “Mənim savaşım” adlı monotamaşa nümayiş olunacaq.  Müharibə və onun ağrıları bir qadının xronikal oyun-təqdimatında tamaşaçı ilə görüşəcək. Səhnə əsərinin müəllif-ifaçısı Xalq artisti Aleksandra Nikuşinadır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, rəssamları Əməkdar mədəniyyət işçiləri Olqa Abbasova və Aleksandr Fyodorovdur.

 

Şuşa Dövlət Musiqili Dram Teatrı isə fevralın 26-da “Xocalım, biz qayıdırıq!” adlı ədəbi-bədii kompozisiya təqdim edəcək. Kompozisiyanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Kompozisiyada Xalq şairi Zəlimxan Yaqub, şairlər Zərəngiz Mansurova və Nazir Rüstəmin şeirlərindən, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Hacı Xanməmmədovun, Polad Bülbüloğlunun, Faiq Sücəddinovun əsərləri, eləcə də Azərbaycan xalq musiqisindən, videomateriallardan istifadə olunub.

 

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Xocalı faciəsinin ildönümünü ən yeni tariximizin şanlı səhifələrindən biri – 2016-cı il Aprel döyüşlərinin şəhidlərinə ithaf olan “Yarımçıq qalmış” tamaşası ilə yad edəcək. Tamaşa fevralın 26-da Teatr Xadimləri İttifaqının səhnəsində nümayiş olunacaq.

 

Azərbaycan Dövlət Pantomima Teatrı Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar  repertuarından ən baxımlı əsərlərdən birini – Xalq artisti Bəxtiyar Xanızadənin “Xocalı bu olub” tamaşasını bu dəfə Mədəniyyət Nazirliyinin dəstəyi və Polşadakı səfirliyimizin dəvəti ilə Varşavaya aparıb. Tamaşa Polşa paytaxtında fevralın 24-də nümayiş olunub.

 

Sumqayıt Dövlət Dram Teatrı isə Xocalı qurbanlarını “Missiya” ilə yad edəcək. Birinci və İkinci Qarabağ savaşlarından bəhs edən qəhrəmanlıq dramının müəllifi Hafiz Ataxanlı, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Bölgə teatrlarına gəlincə isə, bəziləri ədəbi-bədii kompozisiyalar, repertuarlarındakı vətənpərvərlik ideyalı tamaşalarla teatrsevərlərə xitab edəcəklər. Qusar Dövlət Ləzgi Dram Teatrında “Xocalı harayı – 30” adlı bədii kompozisiya hazırlanıb, Mingəçevir Dövlət Dram Teatrı isə Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesinin tamaşası ilə sənətsevərlərin görüşünə gələcək...

H.Nizamiqızı