Gəncə RMİ və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəlbəcər Mədəniyyət evində Novruzun ilk müjdəçisi – Su çərşənbəsi (22 fevral) ilə bağlı bayram şənliyi təşkil olunub.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Əvvəlcə Gəncə Uşaq rəssamlıq məktəbi yetirmələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Tədbirdə Su çərşənbəsinin mahiyyətindən, adətlərimizdən, inanclarımızdan bəhs edilib. Novruzun simaları olan Kosa, Keçəl və Bahar qızın çıxışları, maraqlı ifalar, rəngarəng rəqslər, əyləncə dolu səhnəciklər hər kəsin zövqünü oxşayıb.

Sonda ulu öndər Heydər Əliyevin Novruz bayramlarının birində məcburi köçkünlərlə görüşü zamanı, Prezident İlham Əliyevin isə ötən il Şuşada etdikləri tarixi çıxışlarından parçalar nümayiş olunub.

***

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində də Su çərşənbəsi qeyd olunub. Tədbirdə mədəniyyət işçiləri Novruz bayramının adət-ənənələri haqqında məlumat veriblər. Daha sonra məktəblilərin ifasında Su çərşənbəsinə aid şeirlər, atalar sözləri və bayatılar söylənilib, milli rəqslər, şən musiqilər ifa edilib.