Xocalı soyqırımının ildönümündə yeni filmin təqdimatı

 

Fevralın 28-də Nizami Kino Mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filminin təqdimatı keçiriləcək. Film 1992-ci ildə Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.

Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı beş gün təkbaşına mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahı ataraq, sığındığı alban kilsəsindən çıxır. Lakin son ana qədər əlindəki Azərbaycan bayrağını ermənilərə vermir. Natiq Qasımovun sonrakı aqibəti naməlumdur.

Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni hərbçiləri tərəfindən dindirilən zaman orada olan italiyalı hərbi fotoreportyor Enriko Sarsininin müsahibəsi də filmdə yer alıb.

Filmin təsvir rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.

...30 il keçməsinə baxmayaraq, ana oğlunun sağ olduğuna və qayıdacağına inanır.

Təqdimatda Natiq Qasımovun ailəsi də iştirak edəcək.