Fevralın 28-də 70 yaşı tamam olan tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Eldar Bəhram oğlu Mansurov Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb.

Mədəniyyət Nazirliyinin rəhbərliyi də yubilyar sənətkarı təbrik edib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev nazir Anar Kərimovun təbrik məktubunu bəstəkara təqdim edib və doğum günü münasibətilə ona xoş arzularını çatdırıb. Elnur Əliyev həmçinin bəstəkarı Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Eldar Mansurov sənətinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.

Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan E.Mansurov müxtəlif janrlarda əsərlərin – “Yeddi gözəl” rok-operası, “Kleopatra”, “Olimp” rok-baletləri, “Mahur-hindi” simfonik muğamı, simfoniyalar, kamera və xor əsərləri, film və tamaşalara musiqilərin müəllifidir. Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Onun 1989-cu ildə Brilliant Dadaşovanın ifasında böyük populyarlıq qazanan “Bayatılar”ı (söz – Vahid Əziz) bu günə kimi ən sevimli mahnılar sırasındadır.