Sumqayıt Dövlət Dram Teatrında “Missiya” tamaşası nümayiş olunub.
Nümayişdən əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək yaradıcı kollektivin hər zaman taleyüklü mövzularda əsərlərə repertuarda geniş yer verdiyini bildirib.
Tamaşanın süjet xəttini Şuşanın yağıdan azad edilməsi zamanı xüsusi təyinatlı dəstənin zabiti Mübariz Eyvazovun komaya düşməsi və ruhlar aləmində 1992-ci ildə Şuşa ətrafında şəhid olmuş atası ilə görüşməsi təşkil edir. Zabit komadan ayılarkən Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” sözlərini və küçədəki sevinc nidalarını eşidir.
Hafiz Ataxanlının qələmə aldığı əsərə teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Elşən Sərxanoğludur. Rollarda Əməkdar artist Rauf Ağakişiyev, aktyorlar Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Habil Xanlarov, Dağlar Rüstəmov, Yalçın Səlimov, Aynur Hümmətova, Ceyhun Məhərrəmov, Rövşən Əsgərov, Etibar Əmirov, Rövşad İlyasov və Ramazan Xanlarov çıxış edirlər.