DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti tamaşa nümayişi olub. Fevralın 28-də sənətsevərlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və “Oyun” müstəqil inklüziv teatrının birgə layihəsi olan “Solğun sevgilər” tamaşasını izləyiblər.
Tamaşada sağlamlıq imkanları məhdud həvəskar aktyorlarla yanaşı peşəkar aktyorlar da yer alıblar.
Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə ədibin “Solğun çiçəklər” dramı əsasında 2019-cu ildə hazırlanan səhnə əsəri pandemiyadan sonra quruluş həlli və aktyor heyətində müəyyən dəyişikliklərlə təqdim olunub.
Tamaşanın quruluş müəllifi Səidə Haqverdiyeva, rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur. Rolları Məleykə Cəfərova (Sara), Türkay Cəfərli (Bəhram), Ülviyyə Əliyeva (Gülnisə), Zümrüd Qasımova (Vicdan), Səbinə Məmmədova (Pəri), Xəqani Əliyev (Azad), Qəndaf Əkbərli (Dəniz), Rəsul (Rəsul Zəkiyev), Kamilə Xəlilova (Tamam), Babək İsmayılov (Əbdül), Rəsul Məmmədli (Vəkil), Rüxsarə Zeynalova (Bərbər) və Ceyhun Mahmudov (Ceyhun) ifa ediblər.