Çox amansız məsələdir, şərtdir, təsvirdir. Bir az da irəliyə getsək, təhdiddir. Məsələn, çağdaş dünya müstəbidlərinin dediyi, daha doğrusu, göstərdikləri: adam kimi (mənim dediyim kimi) yaşaya bilmirsənsə (istəmirsənsə), ölümə məhkumsan. İlk baxışdan qəbuledilməz görünsə də, günümüzün reallığında lap yerində təyindir...
Nəinki qütblər və zümrələrin, bütünlükdə dünyanın belə ağır fikirlərlə sınandığı bu günlərdə “Siçanlar və adamlar” adlı tamaşaya baxdım. Psixoloji dram janrındakı səhnə işi müstəqil “ŞahMat” teatrının premyerası idi. Amerika yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekin eyniadlı əsəri əsasında hazırlanan və birhissəli dram kimi təqdim olunan nümunəni səhnələşdirən Mirtalib Həsənov, quruluş müəllifi teatrın yaradıcısı Mirqabil Əkbərovdur. Səhnə tərtibatını rəssam Səbinə Abutalıbzadə, musiqi tərtibatını Fuad Məmmədov verib.
Tamaşada əsərin əsas ideyası saxlanılıb: həyatın yükünü həmişə balaca adamlar çəkir və bu yazılmamış qanun heç vaxt dəyişmir. Tamaşa boyu bir məkanda – yenicə tapdıqları ağır işdə çalışmaq və bir qarın belə olsa, çörək tapmaq üçün olmazın əzablara düçar olan iki dostun dramını izləyirik. Nə illah etsələr də, bir daşı belə daş üstünə qoya bilmirlər. Həyatları boyu ağırlıqlar qaldıra-qaldıra, əslində, nə boyda çətin bir ömür yaşadıqlarının fərqinə belə varmadan dözülməz fiziki və mənəvi yük altında məhv olub gedirlər.
Burada daha çox bir-birinə zidd xarakterdə olan iki obrazı – yorğun düşmüş Corc (Anar Bulud) və ondan fiziki baxımdan güclü, lakin əqli problemləri olan dostu Lennini (Anar İbrahimov) görürük. Onlar bir-birinə qardaş kimi yaxındırlar. Lenninin bir arzusu var: kiçik torpaq sahəsində rəngli və yumşaq dovşanlar saxlasın, hər gün evinin yanındakı çayda çimsin, bolluca qızardılmış ət və şirin kökələr yesin. Heç Corcun da böyük tələbatları yoxdur. Səhərdən axşamacan işləməyə, yorğun düşməyə razıdır, təki təhqir olunmasın, ora-bura sürüklənməsin, adam kimi yaşasın...
Amma dünya heç də onların istədiyi kimi səxavətli və balaca arzularını reallaşdıracaq qədər böyük deyil. Lenniyə, onun hərəkətlərinə görə getdikləri hər yerdən qovulan, az qala bütün ölkəni gəzən dostlar, nəhayət, gəlib ucqar bir yerdəki malikanədə qərar tuturlar. Buradan da qovulmağın qorxusunu yaşayan Corc durmadan Lenniyə yalvarır, necə davranmalı olduğu barədə təlimatlar verir. Lenni isə heç nəyi vecinə almadan gah yaşıl bağının, gah rəngli dovşanlarının, gah da qızardılmış qırmızı ətin xəyalını qurur. Onun ən böyük zəifliyi gözəl və zərif şeyləri çox sevməsidir. Dovşanı da bu səbəbdən arzulayan Lenni daima cibində ölü siçan gəzdirir və Corcun israrlarına rəğmən bu vərdişindən əl çəkmir.
Yeni işlərində də onları eyni sınaqlar gözləyir. Təsərrüfat sahibinin yenicə ailə qurmuş kobud oğlu – Sahibkar (Orxan Abışov) onlara gün verib işıq vermir. Xüsusən Lennini çox incidir. Malikanədə qocalan səfil içki düşkünü Slim (Cavid Cavadzadə) də onlara yaxşı davranmır. Ümumən bu yeni ikili heç kimin – nə Körlinin (Orxan Bakinski), nə Kendinin (Fərid Vəliyev), nə də Karlsonun (Fuad Məmmədov) xoşuna gəlmirlər. Hər şeydən şübhələnən və daim sahibkarın oyuncağı olaraq qalan malikanədəkilər bir-birinə yaxın iki dostun münasibətini, sədaqət və bağlılığını anlaya, həzm edə bilmirlər. Araya nifaq salmaq, Lenninin axmaq olduğunu dönə-dönə onun üzünə vurmaqla Corcun ondan imtina etməsini istəyirlər. Təkcə malikanəyə yeni gələn Qızdan (Günel İmanova) başqa. Kobud və amansız Sahibkarın yeni arvadı da Lenni kimi təkdir. Onun da dosta, həmdəmə ehtiyacı var. Buna görə də fürsət tapan kimi onun yanına gəlir, dərdləşir. Qızın ona diqqətindən xoşhal olan Lenni Qızın saçlarına toxunur, onu oxşayır. Yumşaq əşyalara, heyvanlara olan həvəsi ilə qırmızı paltarlı yumşaq saçlı Qızı da əzizləyirmiş kimi var gücü ilə sıxıb boğur. Beləcə, həm özünün, həm də Corcun bütün gözəl gələcək arzularının üstündən xətt çəkir...
Lenni ömrü boyu onu qoruyan və əzizləyən hamisi tərəfindən öldürülür. Əslində, Corcun bundan başqa çıxış yolu da yoxdur. Sahibkar başda olmaqla malikanədəki hamısı ondan bunu istəyir – günahkarı cəzalandırmağı...
Mövzu, ideya və nəticə çox ağırdır. Üstəlik günümüzün reallığı ilə səsləşməsi və rejissorun onu sadə həyat faktları ilə şaxələndirməyi tamaşaya laqeyd yanaşmağa, daha doğrusu, ona bir teatral akt kimi yanaşmağa imkan vermir. Daim gərgin, narahat, qayğılı və kədərlisən. Gedişatı, nəticəni bildiyin halda yenə də nə isə bir işıq axtarırsan. Lap bütün qorxulu nağılların sonunda göydən düşən üç almaya aldanmaq kimi. Amma bu, heç olmur. Əvəzində yarıqaranlıq məkan və onun ladında olan musiqilərin müşayiətində ruhun qapqara gerçəkliklərin təsirində vurnuxur.
Səhv etmirəmsə, eyni qənaətə bu teatrın başqa bir tamaşasında da gəlmişdim: qaradan tünd rəng yoxdursa, onun üzərinə işıq salmaq lazımdır, nəinki qapqara olduğunu isbatlamaq. İstedadlı və maraqlı teatr duyumu olan gənclərin bir araya gəlib tamaşaçı ilə “şahmat” oynadığı nümunə və ümumən teatr, səhnə, sənət adı altında istənilən yaradıcılıq aktı mütləq bir işıq zərrəsi göstərməlidir. Çünki cəmiyyət qanunları, ağır həyat şərtləri bizi nəfəs almaq, təzələnmək, yaxşı mənada aldatmaq və aldanmaq üçün sənətə – canlı yaradıcılıq yeri olan teatra aparmalıdır. Bizə işıq vəd edən teatra...
H.Nizamiqızı