10 mart – Milli Teatr Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində “Həyatdan səhnəyə” adlı sərgi  nümayiş olunacaq.

Sərgidə uzun illər teatrda fəaliyyət göstərmiş Əməkdar rəssamlar İsmayıl Məmmədov və Nabat Səmədova, həmçinin Validə Ümman və Vüsal Rəhimin teatrla bağlı müxtəlif əsərləri, kompozisiyaları, müəllifi olduqları səhnə eskizləri və səhnə geyimləri nümayiş olunacaq.

112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrın tarixini əks etdirən lövhə, teatrın maketi, retro səhnə əsərlərinin afişaları, korifey sənətkarların oynadığı tamaşalardan fotoşəkillər, yaradıcı heyətin müxtəlif beynəlxalq tədbirlərdə aldıqları mükafatlar da sərgilənəcək.

Ölkəmizdə peşəkar milli teatrın yaranmasının 149-cu ildönümü münasibətilə hazırlanan layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.

Martın 10-dan etibarən ay ərzində teatrın tamaşalarına baxmağa gələn hər kəs sərgini izləyə biləcək.