Latın qrafikasında kütləvi oxucuya təqdim olunur

 

Azərbaycanın tarixi-mənəvi irsinə dair araşdırmalara öz töhfəsini verən ADA Universiteti iki yeni layihəyə imza atıb. 1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət “Vətən dili” dərsliyi ADA Universitetinin layihəsi üzrə latın qrafikasında kütləvi oxucuya təqdim olunur.

Martın 4-də bu münasibətlə keçirilən təqdimat mərasimində universitetin rektoru, professor Hafiz Paşayev ali təhsil ocağında Azərbaycan tarixinə xüsusi diqqət yetirildiyini deyib. 2018-ci ildə Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamı xatırladan rektor ADA Universitetinin bu sahədə gördüyü işlərdən də söz açıb. Seminariyanın tarixi binasının universitetin dəstəyi ilə bərpa edildiyi diqqətə çatdırılıb.

Hafiz Paşayev qeyd edib ki, Cümhuriyyət dövründə nəşr olunmuş “Azərbaycan” qəzetinin 450-yə yaxın nömrəsi indiyədək tam külliyyatda ərəb əlifbasından latın qrafikalı əlifbaya transliterasiya edilməyib. Bu istiqamətdə ayrı-ayrı təşəbbüslər olsa da, bütöv şəkildə nəşrlər ortaya qoyulmayıb. Bildirilib ki, qəzetin tam külliyyatının transliterasiya edilmiş nəşri 20 cilddə olacaq. Hazırda I və II cild ictimaiyyətə təqdim olunur. Birinci cild 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr ayını əhatə edir.

ADA Universitetinin digər layihəsi ana dilində ilk dərsliyimizin – görkəmli maarifçi Aleksey Osipoviç Çernyayevski tərəfindən I hissəsi 1882-ci ildə, 1888-ci ildə isə Səfərəli bəy Vəlibəyovla birlikdə II hissəsi çap edilmiş “Vətən dili”nin bir kitab halında müasir oxucuya təqdim olunmasıdır.

Tədbirdə “Azərbaycan” qəzetini transliterasiya edənlər – filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu, “Vətən dili” kitabını transliterasiya edən, qeyd və şərhlərin müəllifləri – Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı və şair, ədəbiyyatşünas Sayman Aruz çıxış edərək hər iki layihə barədə danışıblar.

Təqdimat zamanı hər iki nəşrin aktuallığından bəhs edilib. Nəzərə çatdırılıb ki, “Azərbaycan” qəzeti transliterasiya edilərkən rast gəlinən xəbərlər, xüsusən ictimai-siyasi hadisələrlə bağlı informasiyalar bu günümüz üçün də aktualdır. Qeyd olunub ki, vaxtilə Cənubi Qafqazda azərbaycanlı uşaq və müəllimlər üçün mükəmməl dərs vəsaiti olan  “Vətən dili” həm Qori Müəllimlər Seminariyasında, həm də onun varisi olan Qazax Müəllimlər Seminariyasında tədris edilib.

Kitab o dövrün rus dərslikləri əsasında qurulsa da, tərtibçilər onu tam milliləşdirməyə nail olublar. Aleksey Osipoviç Çernyayevski və Səfərəli bəy Vəlibəyov dərsliyi yazarkən Azərbaycan ziyalılarını da bu işə cəlb ediblər. Dərslikdəki əksər şeirlərin, o cümlədən rus şairi İ.Krılovun təmsillərinin tərcümə müəllifi dövrün görkəmli ziyalısı Həsənəli xan Qaradağlı olub.

Təqdimatda dövlət rəsmiləri, elmi ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq şairi Nəriman Həsənzadə, tarix üzrə elmlər doktorları İradə Bağırova, Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Musa Qasımlı, BDU-nun professoru Nəsiman Yaqublu çıxış edərək hər iki nəşr layihəsini Azərbaycanın elmi, ictimai, mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitablar “Çaşıoğlu” nəşriyyatında nəfis tərtibatda çap olunub.