Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin davam etdirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində bu sahədə əməkdaşlığın gücləndirilməsi, mədəni mübadilə, qastrol, sərgi, konfrans və digər birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Səfir Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərində tarixi və mədəni abidələrinin, məscidlərin dağıdılması və təhqir olunması haqqında məlumat verərək, bu abidələrin bərpasının bu gün Azərbaycan üçün prioritet məsələlərdən olduğunu bildirib.

Diplomat Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniyası təşəbbüsü ilə çıxış etdiyini və İranın da nüfuzlu mədəni, ictimai-siyasi xadimlərinin sözügedən təşəbbüs çərçivəsində fəaliyyətlərə qoşula biləcəyini qeyd edib.

Xatırladaq ki, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə irəli sürülüb.

Görüşdə həmçinin qarşılıqlı səfərlərin təşkili və pandemiya şəraitinin yaxşılaşması ilə mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.