TÜRKSOY-da xakas türkoloqa həsr olunan konfrans


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un və Ankara Universitetinin birgə təşkilatçılığı ilə görkəmli xakas türkoloq, şairə və folklorçu Alevtina Maytakovanın (1932–2005) anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçirilib.

TÜRKSOY-un qərargahında keçirilən “Sibir türklərinin dastan ənənəsi və kamlıq inancı” mövzusunda konfransı qurumun baş katibinin müavini Bilal Çakıcı açaraq Alevtina Maytakovanın həyat və yaradıcılığı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, onun yaradıcılığı təkcə xakas türkləri üçün deyil, bütün Türk dünyası üçün əhəmiyyət kəsb edir.

Sonra xaricdə olması səbəbilə konfransa qatıla bilməyən TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun videomüraciəti təqdim olunub. Baş katib müraciətində Türk şaman mifologiyasının ayrılmaz bir parçası olan qəhrəmanlıq dastanlarının TÜRKSOY-un fəaliyyətində xüsusi yeri olduğunu və ötən müddətdə Türk dünyasına aid bir çox dastanın nəşr edildiyini deyib. Diqqətə çatdırılıb ki, onların arasında Alevtina Maytakovanın toplayıb-tərtib etdiyi və Timur Davletov tərəfindən Anadolu türkcəsinə çevrilən “Xuban Arıq” xakas dastanı da var.

Konfransda Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi Çağdaş türk dilləri və ədəbiyyatları şöbəsinin müdiri, professor Sema Barutcu Özönder də açılış nitqi söyləyib.

Sonra türkoloq Alevtina Maytakovanın yaradıcılığı ilə bağlı məruzələr dinlənilib.

Çıxış edənlər xakas dilinin qorunması və inkişafında A.Maytakovanın həm folklorşünas alim, həm də şairə kimi əsərlərinin mühüm rolu olduğunu vurğulayıblar.

Sonda baş katibin müavini Bilal Çakıcı tərəfindən professorlar Sema Barutcu Özönder, Gülsüm Killi Yılmaz, Melek Erdem, Mehmet Aça və Elvira Sultrekovaya TÜRKSOY-un xakas dastançısı Semyon Kadışevin (1885-1977) 130 illiyi münasibətilə hazırladığı (2015) xatirə medalları təqdim edilib.

Mehparə Sultanova