Özbəkistanın Toxuculuq və Yüngül Sənaye Universiteti Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxt Daşkənddə xeyriyyə tədbiri təşkil edib. Tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.

Universitetin kafedra müdiri, professor Feruza İkramxanova xeyriyyə tədbirinin fiziki qüsurlu insanlara kömək üçün təşkil edildiyini diqqətə çatdırıb, Özbəkistan dövlətinin bu kateqoriyadan olan insanlara qayğısından söz açıb.

AMM-in nümayəndəsi Yusif Məmmədov tədbir iştirakçılarını salamlayaraq mərkəz tərəfindən Özbəkistanın şəhər və rayonlarında uşaq evlərinə yardım məqsədilə keçirilən xeyriyyə konsertləri və tədbirlər haqqında məlumat verib.

Çıxışlardan sonra Özbəkistanın musiqi kollektivləri özbək və Azərbaycan dilində mahnılar, AMM-in nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.