Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə martın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi keçirilib.
Sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə təşkil edilib.
Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb, Azərbaycan qadınının cəmiyyətin müxtəlif sahələrində tutduğu mövqeyə diqqət çəkib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə Elnarə Xanlarovanın “İşıqlı dünyam”, Əfşan Əsədovanın “Güllər”, Aytən Əkbərovanın “Qadın günəşdir”, Fəridə Həsənlinın “Azərbaycan gözəli”, Məlahət İsmayılın “Əsrin gözəli”, Gülparə Məmmədovanın “Lavanda”, Təhminə Əlinin “Məsum baxışlar” – ümumilikdə 30-a yaxın rəssamın əsərləri nümayiş olunub.