Martın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalovun “Barokko musiqisi axşamı” adlı solo konserti keçirilib.

“Gənclərə dəstək” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq Qadınlar Gününə həsr edilib.

Tofiq Zeynalov BMA-nın kontratenor səs tembrinə malik ilk tələbəsidir. Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi İlham Nəzərovun tələbəsi olan Tofiq, cəmi üç ildir kontratenor səs tembri ilə təhsil almaqla, mürəkkəb texnikaya yiyələnməyə müvəffəq olub.

Konsertdə Q.F.Hendelin bir neçə operasından ariyalar, C.B.Perqolezi, K.V.Qlyuk, V.A.Motsart, R.Korsakov, F.Şubert və R.Şumanın əsərləri səsləndirilib. Gənc bəstəkar Toğrul Salmanovun Rafiq Odayın sözlərinə bəstələdiyi “Bu gecə” romansı isə konsertin son musiqi nümunəsi kimi gurultulu alqışlarla qarşılanıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi altı ildir həyata keçirilir. Bu müddətdə layihə onlarla gənc musiqiçinin yaradıcılıq yoluna işıq salaraq, onları tamaşaçılara təqdim edib.