Gəncə RMİ-nin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə şəhər Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə Yel çərşənbəsinə (bu il martın 8-nə təsadüf edib) həsr olunan tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə aşıq havaları səsləndirilib, qədim zamanlardan Novruz şənliklərinə rəng qatan “Maral” rəqsi təqdim olunub. Gəncə Rəssamlıq Məktəbi və Uşaq-gənclər inkişaf mərkəzi yetirmələrinin əl işlərindən, habelə Gəncə Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgiyə baxış keçirilib. “Xəmsə” zərb alətləri və “Gəncə qönçələri” rəqs ansambllarının çıxışları maraqla qarşılanıb.
Baharın gəlişini tərənnüm edən musiqilər ifa olunub, bayatılar səsləndirilib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından parça təqdim edilib. Şənliyə bayram tonqalı ətrafında “Yallı” rəqsi və “Azərbaycan” mahnısı ilə yekun vurulub.
Nürəddin Məmmədli