Azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpası prioritetlər sırasındadır

 

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi, mədəni irsin bərpası, orada əhali üçün layiqli həyat şəraitinin yaradılması dövlətimizin başçısı tərəfindən hökumət qarşısında qoyulan əsas prioritetlər sırasındadır.

Baş nazir Əli Əsədov martın 15-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən belə deyib.

Baş nazir qeyd edib ki, Prezidentin tapşırığına əsasən, bu ilin mart ayının əvvəlində Hökumət və Əlaqələndirmə Qərargahının üzvləri Qarabağ bölgəsinə səfər edib: “Biz bərpa-quruculuq işlərinin miqyasının, keyfiyyətinin və yüksək icra sürətinin şahidi olduq. İşğaldan azad edilmiş şəhər və kəndlərimiz artıq göz önündə sürətlə dirçəlir, daha gözəl görkəmdə öz əvvəlki simasına qayıdır”.

Əli Əsədov Azərbaycanın incisi, mədəniyyət paytaxtımız Şuşada həyata keçirilən işləri xüsusi qeyd edib.

Bildirilib ki, bu il qədim şəhərin 270 illiyi tamam olur. Dövlət başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamı ilə verilmiş tapşırığa əsasən, Nazirlər Kabineti tərəfindən tədbirlər planı hazırlanıb və təsdiq edilib.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri Prezidentin daimi nəzarəti altındadır. Azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı 2021-ci ilin dövlət büdcəsindən ayrılmış 2,2 milyard manat vəsait, demək olar ki, tam (99,4 faiz) istifadə olunub. Cari ilin dövlət büdcəsində bu məqsədlər üçün eyni həcmdə (2,2 milyard manat) vəsait nəzərdə tutulub.

Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu (Füzuli-Şuşa), hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələri bölgənin inkişafına əhəmiyyətli təkan verir.

Dövlət başçısının 2021-ci il 7 iyul tarixli fərmanına əsasən, iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Hesabat dövründə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli tədbirlər görülüb və davam etdirilməkdədir. Martın 11-də İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandumunun imzalanması bu prosesə mühüm töhfə verəcək.

Hesabatda qeyd olunub ki, işğaldan azad olunmuş torpaqlarda 2021-ci ildə ümumilikdə 20 min hektardan (200 kvadrat kilometr) çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu il minalardan təmizlənən ərazilər 2 dəfədən artıq sahəni əhatə edəcək.

Hökumətin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn əsas prioritet vəzifələri diqqətə çatdıran Baş nazir bu sırada iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətinin artırılması; makroiqtisadi və maliyyə sabitliyinin qorunması; xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi; biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliklərinin sürətləndirilməsi; antiinhisar siyasətinin, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi; qlobal ərzaq bazarlarında bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmin olunması; rəqəmsal iqtisadiyyatın və innovasiyaların davamlı inkişafı kimi istiqamətləri qeyd edib.

Bildirib ki, işğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.

Əli Əsədov çıxışında Ukraynadakı hadisələrin ölkəmizə mümkün təsirləri ilə bağlı da fikirlərini bölüşüb. Bildirib ki, qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi məsələsi diqqətimizdədir. Prezidentin tapşırığına əsasən, bu prosesə bütün aidiyyəti qurumlar cəlb olunub və soydaşlarımızın təxliyəsi, həmçinin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün çətinliklərə baxmayaraq, təxirəsalınmaz tədbirlər görülür. Ukraynada müharibə başlayandan bu günədək ölkəmizə 9246 nəfər təxliyə edilib. Bu xüsusda digər narahatedici məqamlar – nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlərdir.