Martın 13-də Azərbaycan Akademik Milli Dram Teatrında “Filumena Marturano” tamaşasının premyerası keçirilib. Qeyd edək ki, italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında tamaşanın hazırlıqları hələ pandemiyadan öncə başlamışdı.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan dilinə Ülviyyə Heydərova tərcümə edib.
Baş rolları Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar. Tamaşada həmçinin Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Ramin Şıxəliyev, Ləman İmanova, aktyorlar Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz və Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıblar.
Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər həmin il Neapolda tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.