Özündən öncəki “su”, “od”, “yel”, “torpaq” sələflərinlə birgə!...

 

Redaksiyadan

Kollektivimiz bu il Novruzu uzun illər qəzetimizin ən bəhrəli yazarı olmuş səmimi insan, ustad qələm sahibi Tahir Abbaslının (25.9.1948 – 18.7.2021) yoxluğunda qarşılayır. Üz tutduğu bütün mövzularda yüksək publisistika örnəyi yaradan Tahir müəllim, demək olar, hər il Bahar bayramımıza mahir qələmi ilə “xoş gəldin” deyərdi. Oxucularımız onun yazılarında Novruzu ayrı bir zövqlə duyub sevərdilər. Bu əziz bayram ərəfəsində ustad həmkarımızı rəhmətlə anır, illər öncə qəzetimizdə dərc olunmuş Novruzla bağlı yazısını bir daha diqqətinizə təqdim edirik...

 

Dünyamızı Yaz adınla yazıb-yaratmağa xoş gəlmisən! Yazılı ədəbiyyatadək “bənəfşə”, “navrızgülü”, “qarqasoğan” tələffüzlənən süftə gül-çiçəyin mübarək! Sənin saysız cücərtini, sünbülünü, mer-meyvəni bişirəsi “qorabişirən”, məhsulları düşürəsi “qızılı”, “buz üstə çıxan qoçaqları” üşüdəsi sələflərinə də salam olsun – bəri başdan!

Cümlənin də baş üzvləri var və onlardan ikincisi – xəbər – buyurur ki, Sən – bayramlarımızın əzəl mübtədası yurdumuza qədəm qoyursan.

“Bayram” ritualları hər hansı çətinlikdən, müşküldən xilasın ifadəsi. Necə ki, 1918-in 28 mayını çarizmdən, 1945-in 9 mayını faşizmdən, 1991-in 18 oktyabrını sovetizmdən xilas günləri kimi bayramlayırıq. Sənin konkret doğum tarixin olmasa da, “doğum evi”n Şərq, Türk elləri! Nəyinsə tarixçəsinin bilinməməsi isə onun ən qədimliyinə, əzəlliyinə işarədir. Bəzi “elmi-tədqiqati” tapmacalara isə hörmətlə yanaşmaq borcumuzdur; həqiqətin yoxdursa, ehtimallara etiraz edə bilməzsən. O versiyalardan biri və ən tutarqalısı budur ki, yol azıb, düşülməz sıldırım qayalıqlara qalxmış qədim türk tayfaları oradan aşağı – həyata düşən bir qurdun arxasınca enərək xilas olmuş və yaz fəslinin ilk gününə təsadüf edən həmin hadisəni bayram etmişlər. Elə bizim totemimiz – boz qurd da həmin hadisənin yetirməsi.

Bu bayramın ən ümdə, ən xarakterik göstəricisi bütün həyata həyatvericiliyindədir. Bu bayram, doğrudan da, bütün təbiət və cəmiyyətin oyanış, ruhlanış, pərvəriş, dirçəliş bünövrəsidir. Bu günlərdən başlayaraq torpağın, suyun, ağacların canı, insanın, hər bir canlının qanı qaynayır. Kim deyə bilər ki, bu fəslin ilk günündən başlayaraq, insanlar da tumurcuqlamır? İnsan mənən, ruhən və cismən cücərməsə, səməni cücərtmək eşqinə düşərmi? İnsan bu təpədən-dırnağa bayram fəslinin hərarətilə qızınıb-qızışıb qımzanmasa, onun övlad-uşaq meyvələrinin dəyib-doğulması daha çox payız və qışa – doqquz aylıq məsafə mənzillərinə düşməzdi ki...

Həmin bu bayramın çağa çağı, tumurcuq-tumançaq vədələri, yupyumşaq uşaq, təzə bəy-gəlin timsallı ilk gənclik dövrü haqda düşündükcə gözümüz nə yaşıllamır, könlümüz nə göyləmir, ruhumuz nə qoşulamır, dilimiz nə söyləmir?! Çağa çağı şah taxtıdı, deyirlər. Uşaqlıq dönəmi cəh-cəh, ilk gənclik mövsümü bəh-bəh vaxtıdı! Lalələri qıpqırmızı ləldi, gül-çiçəyi gözə axan seldi, şomuları, çirişləri, yemlikləri yem, bülbülləri dildi bu bayramın!

Yaranışdan bəri heç bir təşviq-təbliğata ehtiyac duymadan bütün ev-eşiklərimizin yuxarı başına keçirilmiş bu bayramın yaxın keçmişdə başına gətirilən bir olayı da xatırlayaq. Bəli, bu bayramın həyatı dissidentlikdən də xali olmayıb. Məsələn, 1967-ci ildə bu bayramı həyətlərdən çıxarıb həyata – ictimai həyətə qoşan Şıxəli Qurbanov məhz bu millilik cəhdinin qurbanı oldu.

 

Sən həm də yaradıcı...

Zərb-məsəllərin çoxu səninlə bağlı, əziz bayramımız! Dünyanın yaradılış ünsürlərinin dördünü də ehtiva edirsən. Məsələn, “Bir oddan, bir sudan”. Bəli, xalq bu məsəldə demək istəyir ki, bir oddan qorx, bir sudan. Amma sənlikdə söhbət çərşənbə tonqallarından gedir. Dünyanın heç bir xalqının heç bir bayramında bu gurluqda, bu ərşi-bülənddə alov olmur. Olsa-olsa, şam yandırırlar ki, bunun da ilahi təcəllası bizim Füzuliyə məxsus...

Bunlar – yəni od və alov bizim sənətkar bayramımızın ilk əsəri. Su həm təmizlik, həm aydınlıq. Tarixən bayram gününün sübh çağında axar su üstünə gedib, təkcə dini yox, hissi dualar da səpib sulara bu xalq. Ənənə-əxlaqi bir məcburiyyətlə yuxudan kal oyadılıb su üstünə aparılan körpə uşaqların dodaqaltı deyinmələrinin özü də sonralar üçün – bu törənin müqəddəsliyinin qavranılası yaş dövrləri üçün xoş deyimlərə, xatirələrə çevrilir. Hələ subay qızların kasa-nimçələrdəki suya iynə-sap atıb, bəxt yarışına, yar arayışına çıxmaları! Elə bu da sonrakı yaş “beşdaşları” üçün pıçı-pıçılara, xoş “xısın-xısın”lara, kəlamdan güclü dümsükləmələrə çevrilib, çevrilir, çevriləcək...

Alovlu-sulu hekayətlərini danışıb-oxuyub, idmani havasından udub, yamanca acdıq, – deyib, keçək əsrarəngiz süfrə yaradıcılığına. Yəni müştaqdan iştaha. Bununçün əvvəlcə bir səməni halvası gəlsin. Qoç Koroğlunun “yeddi qazan”dan sonra dediyi “Mina ibrinqlərə badələrə şərab doldurun!” eyhamı başqa içkilərə yönəldilsin – şərbət süzülsün. Doyunca nuş edin və bir az da – bütün bu nemətlərin bünövrəsini qoyan bu fəslin löyün-löyün yaradıcılığını öyün. Deyin, əgər yaz dünya qazanının altını qalamasa, yay nə bişirər, payız nə düşürər, qış nə yeyər? Ağzınıza mətbəxdən gələn qoxulardan yana yaranmış su alıb susmayın. Ərz edin ki, bizim bu bayramın tayı-bərabəri yoxdur və bu sənətkarın digər əsərlərini araya gətirin. Şəkərburasını, qoğalını, paxlavasını, firnisini, şirnisini, noxud, şabalıd qovurmalarını, küncüt, buğda qovurğalarını, süddaşını, zəfəranplovunu, cücəplovunu, fisincanplovunu və digər neçə-neçə roman-epopeyalarını!

Bu universal yer-yeməkdən sonra qalır bircə söz demək: Bayramınız mübarək!

Tahir Əhmədalılar