Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Mədəniyyət və Xarici işlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşib.

16 noyabr 2021-ci il tarixində elan edilən müsabiqəyə esselərin qəbulu 30 dekabr tarixində başa çatıb. Müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Misir və s.) dörd dildə (Azərbaycan, türk, ingilis, rus) ümumilikdə 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün qəbul edilən 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və “Nizami Gəncəviyə məktub” müsabiqəsinin qiymətləndirmə komissiyasına təqdim edilib. Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

Komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı müəlliflərin esseləri “Nizami Gəncəviyə məktub” müsabiqəsinin qalibləri elan edilib:

I yer – Selçuk Karakılıç (“Büyük Kahraman”: Nizami Gencevi”)

http://mct.gov.az/medias/media/other/780/2.docx

II yer – Tariq Yousef (“A Letter to Nizami Ganjavi”)

http://mct.gov.az/medias/media/other/781/3.docx

III yer – Mülayim Hümmətova (“Nizami Gəncəviyə məktub”)

http://mct.gov.az/medias/media/other/779/1.docx

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin 1-ci yer üzrə qalibinə 2021 ABŞ dolları, 2-ci yer üzrə qalibinə 1141 dollar, 3-cü yer üzrə qalibinə 880 dollar məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa müddət ərzində Mədəniyyət Nazirliyi tərəfindən qaliblərin mükafatlandırılması keçiriləcək.