Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin edilib. Martın 18-də Mehriban Ələkbərzadə teatrın kollektivə təqdim olunub.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, şöbənin Teatr sektorunun müdiri Könül Cəfərova iştirak ediblər.

Elnur Əliyev çıxış edərək çağdaş zamanda kadr seçimi məsələsinin inkişafın əsas amillərindən olduğunu deyib: “Mədəniyyət Nazirliyi olaraq bizim də son bir ildə üzərində çalışdığımız ən ümdə məsələ təlim-təhsil və kadrların düzgün seçimi məsələsidir. Bilirsiniz ki, nazirliyin təşkilatçılığı və dəstəyi ilə mütəmadi olaraq ustad dərsləri təşkil olunur, təcrübə mübadilələri üçün şərait yaradılır. Mehriban Ələkbərzadəni geniş təqdim etməyə ehtiyac yoxdur. Onun daha əvvəl televiziyada, kinoda, eləcə də teatrda gördüyü işlər hamıya bəllidir. Hesab edirəm ki, Mehriban xanım kimi istedadlı və zəhmətkeş bir insanın Gənc Tamaşaçılar Teatrında çalışması fərqli, yeni bir ab-hava yaradacaq. Həmçinin bu təyinat teatrın kollektivinin daha üstün bir komanda kimi görünməsi üçün fürsət olacaq...”

Sonra söz Mehriban Ələkbərzadəyə verilib. O, hər şeydən öncə ona göstərilən etimada görə təşəkkürünü bildirib: “Bu teatr mənə çox doğmadır. Çünki elə bu səhnədə “Cəza” tamaşasını hazırlamışıq. Ümumiyyətlə, harada işləməyimizdən asılı olmayaraq, biz Azərbaycan teatr cameəsinin üzvüyük, istənilən yer bizim doğma məkanımız ola bilər. Gənc Tamaşaçılar Teatrı 90-dan artıq yaşı olan və 90-a yaxın aktyor heyəti olan böyük bir teatrdır. Bu heyətlə çalışmaq və daha böyük uğurlara imza atmaq mümkündür. Daha maraqlı və kreativ təqdimatlar bizim əsas hədəfimizdir. İnanıram ki, alınacaq və mən bu göstərilən etimadı doğruldacağam...”

Teatrın direktoru Naidə İsmayılzadə yeniliklərin teatrın, sənətin inkişafına fayda verdiyini söyləyib: “Mehriban xanım teatrla yaşayan bir insandır və düşünürəm ki, Gənc Tamaşaçılar Teatrına gəlişi çox faydalı olacaq. Çünki zaman dəyişiklik və yenilənmələr zamanıdır. Daha maraqlı və çevik olmağımız vacibdir. Teatrda hazırda təmir gedir, yaxın zamanda bu binanın siması da yenilənəcək, şövqlə çalışmağımız və daha gözəl işlər ortaya qoymağımız üçün hər cür şərait olacaq. Əlbəttə, bütün bu illər ərzində teatrın işgüzar, istedadlı kollektivi çox maraqlı işlərə imza atıb, biz yeni gələn gənclərə də özlərini ifadə üçün şərait yaratmışıq. Amma bununla belə daha səmərəli çalışmağımız, yeni, fərqli tərəfdən görünməyimiz vacibdir. Bu yolda Mehriban xanıma uğurlar diləyirəm”.

Sonda baş rejissor Mehriban Ələkbərzadəyə kollektiv adından gül dəstəsi təqdim olunub.

Xatırladaq ki, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bu təyinatadək Yuğ Dövlət Teatrının baş rejissoru olub.