Başa çatmaqda olan “Dubay Expo-2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Novruz bayramı günlərində ziyarətçi axını yaşanır. Novruz bayramı ilə əlaqədar təşkil olunan şənliklər böyük maraqla qarşılanır.
Pavilyonda Heydər Əliyev Fondu və Azərbaycanın Dubaydakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə Novruz bayramı konserti keçirilib. Müxtəlif ölkələrdən olan qonaqların iştirakı ilə keçirilən konsertdə Xalq artisti Tünzalə Ağayeva çıxış edib.
“Dubay Expo-2020” sərgisinə gələn ziyarətçilər Novruz bayramı konsertini böyük maraqla qarşılayıb, milli musiqimizin sədaları altında rəqs ediblər.
Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları, o cümlədən Novruzun əsas rəmzlərindən olan paxlava və şəkərbura təqdim olunub.
Xatırladaq ki, ölkəmiz “Dubay Expo-2020” sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir. 2021-ci il oktyabrın 1-də fəaliyyətə başlayan dünya sərgisi martın 31-də başa çatacaq. Sərginin son günlərində milli pavilyonda Novruz şənlikləri konsert proqramları ilə davam edəcək.