Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “A-dan Z-yə kino istehsalı” adlı intensiv kinorejissorluq kursları elan edib.

AKİ-dən bildirilib ki, gənc kinorejissorlar üçün nəzərdə tutulan layihə üç ay (aprel, may, iyun) davam edəcək.

Dərslər Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli tərəfindən keçiriləcək və bədii kino istehsalının bütün mərhələlərini əks etdirəcək. Nəzəri dərslər Bakıda, praktik məşğələlər isə Şəki şəhərində baş tutacaq və iştirakçılar kino çəkilişi prosesində iştirak edəcəklər.

Layihə ərzində ideyanın yaranması, filmin rejissor şərhi, təsvir həlli, film istehsalının əsasları, montaj və sair mövzular tədris ediləcək.

Layihəyə 24 yaşdan yuxarı, ssenari, bədii film, kino yaradıcılığı sahəsində müəyyən baza məlumatlarına sahib, amma rejissura sahəsində geniş biliyə, daha çox nəzəri məlumata, o cümlədən real çəkiliş prosesi təcrübəsinə ehtiyacı olan hər kəs müraciət edə bilər.

Bakıda keçiriləcək dərslərin vaxtı layihəyə seçiləcək iştirakçılarla uyğunlaşdırılaraq müəyyən ediləcək.

Layihədə iştirak pulsuzdur. Şəki mərhələsinin ödənişləri AKİ tərəfindən qarşılanır.

Əlavə məlumat əldə etmək üçün info@aki.az elektron ünvanına müraciət edə bilərsiniz.