Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un Novruz şənlikləri Uşak və Konyadan sonra Ankaranın Etimesqut rayonunda təşkil edilən möhtəşəm konsertlə davam edib.

Etimesqut Bələdiyyəsi ilə birgə Türk Tarixi Muzeyində düzənlənən tədbirdə 13 ölkə və diyardan sənətçilər səhnəyə çıxıb.

Konsertdən əvvəl açılış nitqi söyləyən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Novruzun təbiətin bizə təqdim etdiyi bolluğu, bərəkəti, canlılığı, sevgini, qardaşlığı, paylaşmağı, dostluğu, sülhü simvolizə etdiyini vurğulayıb. O, Novruz ənənəsini gələcək nəsillərə çatdırmaq üçün TÜRKSOY-un yarandığı 1993-cü ildən indiyədək 30-a yaxın ölkədə 150-dən çox konsert təşkil etdiyini bildirib.

Türk xalqları olaraq Novruz bayramı ilə birlik və həmrəyliyin güclənəcəyinə inandıqlarını dilə gətirən baş katib Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən gələn rəqs qrupları və solistlərin ifasında Novruzun bütün rənglərinin və ortaq mədəniyyətimizin zənginliyinin təqdim ediləcəyini diqqətə çatdırıb.

Etimesqut Bələdiyyəsinin başqanı Enver Dəmirəl Türkiyənin illərdir türk dövlətləri və toplumları ilə məhsuldar iş apardığını bildirib. Novruzun türklərin Ergenekondan ayrıldığı gün olduğunu qeyd edən Dəmirəl, “Tariximiz şanlıdır, möhtəşəmdir, xalqımız və keçmişimiz gözəldir. Bizi biz edən çox gözəl dəyərlərimiz var. Onlardan biri də Novruz bayramımızdır. Novruz türk bayramıdır, türk şənliyidir”, – deyə vurğulayıb.

Çıxışlardan sonra TÜRKSOY-un Novruz şənlikləri çərçivəsində proqramda iştirak edən solistlər və ansambllar ölkələrinin rəngarəng musiqi və rəqslərini nümayiş etdiriblər, baharın gəlişini və Novruz coşğunu Etimesqutlu sənətsevərlərlə bölüşüblər.

Sonra Enver Dəmirəl, Düsen Kaseinov, Qırğızıstanın Türkiyədəki səfiri Kubaniçbek Ömurəliyev və Türkmənistan səfiri İşankuli Amanlıyev tarixi türk dövlətləri qurucularının heykəllərinin yerləşdiyi Türk Tarixi Muzeyinin meydanında Novruz tonqalını alovlandırıblar.

Mehparə SULTANOVA