Təxminən qırx illik fasilədən sonra böyük musiqi aləminə qayıdan İsveçin məşhur ABBA estrada kvarteti ölkə hökuməti tərəfindən mükafatlandırılıb. Qrup “Musiqi ixracı” mükafatına layiq görülüb.
1997-ci ildə təsis olunan mükafat il ərzində İsveç musiqisinin dünyaya çatdırılması və ölkənin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına töhfə vermiş sənətçilərə verilir.
“ABBA 50 ildir ki, İsveç musiqisini dünya miqyasında uğurla təmsil edir. Qırx illik fasilədən sonra səhnəyə qayıda bilmək tamamilə unikal və inanılmaz nailiyyətdir”, – deyə İsveçin xarici ticarət naziri Anna Hallberq bildirib.
Qeyd edək ki, 1972-ci ildə yaradılan ABBA qrupu 1982-ci ilədək fəaliyyət göstərib. On il ərzində esrada kvartetinin səkkiz musiqi albomu buraxılıb. Qrupun “The Visitors” adlı axırıncı albomu 1981-ci ildə musiqisevərlərə təqdim olunmuşdu. 2018-ci ildə yeni mahnılar yazdırmağa başlayan ABBA 2021-ci ilin noyabrında yeni studiya albomunu buraxıb.
“ABBA Voyage” ilk həftə ərzində 200 mindən çox satışla ilin ən sürətli yayılan musiqi albomu olmuş, həmçinin ABBA-nın Böyük Britaniya hitləri arasında birinci sırada yer almışdı.
Vəfa Kamal