Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə Türkiyənin müxtəlif şəhərlərində Novruz bayramı münasibətilə konsertlər keçirilir.
“Türk dünyasının yeni gün görüşməsi – Novruz 2022” şüarı ilə növbəti mərasim Niğde şəhərində təşkil olunub.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Niğde Bələdiyyəsinin başqanı Emrah Özdəmir çıxış edərək bayram təbriklərini çatdırıblar.
Konsertdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Bosniya və Herseqovinadan olan sənətçilər çıxış ediblər.
TÜRKSOY-un Türkiyədəki Novruz bayramı konsertlərində ümumilikdə 15 ölkədən 16 solist və 25 sənətçi qrupundan ibarət 350 nəfərlik yaradıcı heyət iştirak edir.
Qeyd edək ki, TÜRKOY-un Novruz konsertləri martın 17-də Türkiyənin Uşak şəhərində başlayıb. İki gün sonra isə Konya şəhərində təntənəli mərasim keçirilib. Konsert proqramları daha sonra Ankarada davam edib. TÜRKOY-un Novruz konsertləri martın 30-da “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada yekunlaşacaq.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şəntop və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Novruz bayramı münasibətilə TÜRKSOY-un rəhbərliyi və türk dünyasını təmsil edən sənətçilərlə görüşüblər.