Tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist Hacı Nərimanoğlunun “Qardaşlığın Zəfəri” kitabı nəşr olunub.

Nəşr 44 günlük Vətən müharibəsində xalqımıza Qələbə sevinci, şərəf, qürur yaşadan müzəffər Ordumuza, şəhid və qazilərimizə, bu möhtəşəm Zəfərin qazanılmasında, tarixi ədalətin bərpasında müstəsna xidmətləri olmuş Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə həsr edilib.

Kitab Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın “İki liderin, iki dövlətin bənzərsiz qardaşlığı” adlı ön sözü və qardaş ölkənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın məsləhətçiliyi ilə işıq üzü görüb.

Kitabda Vətən müharibəsində şanlı Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturun yenidən dirçəlişinə Türkiyənin dəstəyi, dövlətlərimizin başçılarının və xanımlarının Qarabağ və Şərqi Zəngəzur regionuna səfərləri, tarixi Şuşa Bəyannaməsinin (15 iyun 2021) siyasi, hərbi, ictimai-mənəvi əhəmiyyəti sənədlər, fotoinformasiya materialları, analitik təhlillərlə qeyd olunub. Müəllifin eyni soy-kökə, dil və dinə mənsub iki ölkənin, xalqın tarixin müxtəlif dövrlərində sınaqdan çıxmış qardaşlığına dair elmi-publisistik araşdırmaları, Vətən müharibəsinin ilk günündən başlayaraq yazdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli məqalələrinin bir hissəsi də kitaba daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində çapdan çıxan kitabın nüsxələri işğaldan azad edilmiş rayonlar başda olmaqla, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına, iki ölkənin QHT-lərinə və KİV-lərinə paylanılıb.