Rafis İsmayılov: “Rəssamsız filmin koloritini qurmaq mümkün deyil”

 

Dünya bir nağıldır deyirik. Yaşanan həyat hekayələrini vizual olaraq bizlərə təqdim edən isə kinodur. Kinematoqrafiyanı ərsəyə gətirən vacib peşə sahiblərindən biri də kino rəssamlarıdır. Ekran əsərlərində obrazlılığı, emosionallığı göstərmək, mövzunun xarakterlərlə olan vəhdətini yaratmaq, kompozisiya qurmaq bilavasitə rəssamın üzərinə düşür. Ümumiyyətlə, filmin ilkin komponentləri rəssamın təfəkküründən yaranır. Kompozisiya qurmaq, kadrlara kolorit gətirmək, işıq-kölgə effektini müəyyən etmək çəkiliş prosesində rejissorlara istiqamət verir.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan 40-a yaxın ekran əsərində çalışmış Xalq rəssamı Rafis İsmayılov da fərdi yaradıcılıq üslubunu əks etdirən, istedad və bacarığını təsdiqləyən dekorativ təsvirlər, natura planları sayəsində filmlərin məna dəyərini, məzmun-mahiyyətini artırıb, baxımlı edib. Bir neçə animasiya filminə, dünya ədəbiyyatında tanınan yazıçıların kitablarına illüstrasiyalar çəkən, Akademik Milli Dram Teatrında 8 tamaşaya, Akademik Opera və Balet Teatrında 6 səhnə işinə  dekorasiyalar hazırlayan, həmçinin miniatür sənəti ilə də məşğul olan istedadlı rəssamın martın 30-da 83 yaşı tamam olur.

Ömrünün bu çağında yaradıcılıqdan yorulmayan, zəngin həyat fəlsəfəsini, fikir və duyğularını əsərlərində əks etdirən Rafis İsmayılova təbriklərimizi çatdırırıq. Özünün və kino həmkarlarının dilindən rəssamın filmdəki roluna bir daha nəzər saldıq.   

 

– Rafis müəllim, yeni yaşınız mübarək, ömrünüzün 84-cü ili uğurlarınıza uğur qatsın.

– Təşəkkür edirəm.

 

– Uğur mənbəyinizdən biri də kinodur. Gəlin, rəssamın kinodakı rolundan danışaq...

– Kino ssenaridən başlayır. Ssenari maraqlı olanda rejissor ilk növbədə rəssamla operatoru çağırır. Rəssam birinci tamaşaçıdır ki, ssenarini oxuya-oxuya hadisələri göz önündə canlandırır. O, hər hansı bir dövrü sənətində emosional şəkildə elə təsvir etməlidir ki, ssenaridə göstərilən atmosferi yaratsın. Sonra dekor tikiləndə, natura çəkilişləri reallaşanda kadrlar inandırıcı olsun. Filmin təsirli, inandırıcı olması üçün  rəssamın dünyagörüşünün zənginliyi, bilgisinin çoxluğu tələb olunur.

 

– “Yenilməz batalyon” filmində rəssam assistenti kimi çalışmısınız. İlk yaradıcılıq işi kimi tarixi filmdə çalışmaq çətin olmadı?

– Kinostudiyaya 1964-cü ildə gəlmişəm. Şadam ki, bu filmdə görkəmli kinorejissor Hüseyn Seyidzadə və kino rəssamı Nadir Zeynalovla birgə çalışmışam. İstedadlı rəssam Nadir Zeynalovu müəllimim hesab edirəm. Çünki ilk dəfə filmdəki hadisələrin təsvirinə  rəssam kimi quruluş verməyi ondan öyrənmişəm. Sonra 1966-cı ildə Moskvaya getdim, 1972-ci ilə qədər Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil aldım. Kinodakı fəaliyyətim boyunca görkəmli rejissorlarla, məşhur aktyorlarla çalışmışam. İştirak etdiyim filmlər ekranlara çıxanda həmişə sevinmişəm ki, mənim də kinoda əməyim var.

 

Rəssamın kinoda rolu haqqında – həmkarları nə deyir?

Əməkdar mədəniyyət işçisi, film direktoru Nadir Əliyev: “Kino rəssamı çəkiliş qrupunda ən vacib insandır. O, eskizləri ilə çəkiləcək filmin təsvirini verir. Rafis müəllim öz işinə çox incəliklə yanaşır, çəkiliş meydançasının tərtibi ilə məşğul olur. Onunla çox filmdə işləmişəm, həmişə də zövq almışam. “Təhminə” filmində bəzi məkan çəkilişləri kinostudiyanın pavilyonunda aparılırdı. Rafis müəllim dekorasiya üzərində çox diqqətlə işləyirdi. Film ekranlara çıxdıqdan sonra tamaşaçılar mənə yaxınlaşıb məkanları harada çəkdiyimizi soruşurdular. Deyirdim pavilyonda çəkilib. Detalların və  dekorasiyaların dəqiqliyinə görə mənə inanmırdılar.

Onu da qeyd edim ki, Rafis müəllim Azərbaycan tarixini çox gözəl bilir. Bu bilgi ona tarixi janrlı filmlərdə çalışmasına xüsusi olaraq kömək edir. Kino həyatın inikası olduğu üçün hər bir kadr dəqiq olmalıdır. Tamaşaçılar içərisində alim, tarixçi və müxtəlif peşə sahibləri var. Yanlışlığa yol vermək filmin uğuruna kölgə sala bilər. Buna görə də birinci növbədə rəssam təsvir olunan hadisələrin eskizlərini dəqiqliklə təqdim etməlidir. Rafis İsmayılov da məhz bu kimi meyarları əsas götürərək həmişə öz işinə diqqətlə, peşəkarcasına yanaşır...”.

Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov: “Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya qayıtdıqdan sonra ilk işlərimdən biri görkəmli rejissor Tofiq Tağızadənin “Evin kişisi” bədii filmi oldu. Filmdə Rafis müəllimlə birgə çalışdıq. Tofiq müəllim, Rafis İsmayılov və mən natura çəkilişlərini müəyyənləşdirmək üçün Yardımlıya, Şəkiyə getdik. Rafis müəllim həmin illərdə artıq kinostudiyanın rəssamı kimi irihəcmli filmlərdə çalışmışdı. O, hər hansı bir səhnəni çəkməyimizi müəyyənləşdirəndə işığın çıxmasını, batmasını çox yaxşı nəzərə alırdı, mənə də başa salırdı. Bu mənada o, təsvir nöqteyi-nəzərindən kinoda birinci müəllimim olub.

“Qara gölün cəngavərləri” filmində biz yenidən görüşdük. Filmdə natura çəkilişlərini, buruqları, dekorasiyaları Rafis müəllimlə birlikdə çox böyük həvəslə qurur, naturanı seçir, sonra isə çəkilişlər aparılırdı. Film üçün natural şəkildə 12 ədəd mədən, baraklar, quyu və mövzuya uyğun olan başqa tikililər qurduq. Bununla yanaşı, epizodların necə qurulmasına da diqqət edirdik. 

Kinorejissor Rasim Ocaqovun çəkdiyi dörd filmdə Rafis müəllimlə birgə işləmişəm. Kadrların bir çoxu orta və böyük plan üzərində qurulub. “Özgə ömür” filmində rektorun kabineti və kabinetin qarşısındakı katibənin oturduğu yer, dəhliz kompleks olaraq böyük bir dekorasiyadır. Baş rolu (Fariz Rzayev) oynayan Rusiyanın məşhur aktyoru Aleksandr Kalyagin tamaşalardan vaxt tapıb çəkilişə gələ bilmədiyindən Rafis müəllim ona aid olan kadrları Moskvada, M.Qorki adına kinostudiyanın pavilyonunda qurmuşdu.

Rafis müəllimlə çalışdığımız daha bir ekran işi “Fəryad” filmi oldu. Natura səhnələrini əsasən Goranboy rayonunda, Murovdağın ətəyində çəkdik. Çəkilişləri fevral ayının əvvəlində, qarlı havada aparırdıq. Həmin yerləri Rafis müəllimlə birgə seçmişdik. Dekorasiya çəkilişlərini isə kinostudiyanın pavilyonunda qurmuşduq. Orda böyük bir ev və onun zirzəmisini də tikdik. Filmin əsas səhnələrini həmin dekorasiyada çəkdik. Filmə lazım olan detallar, pəncərə, otaq hamısı filmdə real görünürdü. Kadrların hamısı Rafis İsmayılovun eskizləri əsasında qurulmuşdu...”.

 

Yenidən Rafis müəllimlə söhbətə qayıdırıq...

 

– Mövzuya uyğun olaraq kinonun koloritini rəssamlar yaradır. Filmin bütün çəkilişlərində iştirak edirsiniz, yoxsa rejissorlar rəssamlarsız işləyə bilər?

– Yox, rəssamsız filmin koloritini qurmaq mümkün deyil. “Fəryad” filmində İsmayılın anasını xatırladığı, göz önündə canlandırdığı kadrlar var. Bir rəssam olaraq çalışdım ki, həmin səhnə cənnətməkanı xatırlatsın və emosional alınsın.

Bəllidir ki, bu filmdə kədərli səhnələr də çoxdur. Xocalı qırğınını canlandırdığımız kadrları qışda çəkdik. Assistentlərimizə dedik ki, həmin kütləvi səhnələrin çəkilişində 200 nəfər adam iştirak etməlidir. Assistentlərimiz Goranboy yaxınlığında mehmanxanada qalanda çəkiliş üçün adam lazım olduğunu bildiriblər. Onlara deyiblər ki, mehmanxanada məskunlaşan insanlar öz doğma ev-eşiyindən didərgin salınan Xocalı sakinləridir. Həmin insanlar filmdə çəkiləcəklərini bildirərək çəkiliş meydançasına gəlmişdilər. Qarın üzərində uzanmış halda olan insanları çəkəndə filmin rejissoru Ceyhun Mirzəyevin ağladığını gördüm. Səbəbini soruşanda,  “ay Rafis, Xocalı faciəsini bu insanlar onsuz da yaşayıblar. İndi onlar bir daha həmin dəhşətli hadisələri xatırlayırlar” dedi.

 

– Teatrlarda bir neçə tamaşaya rəssam kimi  quruluş vermisiniz.  Teatr və kino fəaliyyətinizin fərqi nədədir?

– Teatrda şərtilik var. Kino isə şərtiliyi qəbul etmir. Burda hər bir çəkiliş dəqiq olmalıdır, kadrlar inandırıcı görünməlidir. Şərtilik özü də böyük bir fantaziya, yaradıcılıq tələb edir. Teatrda işləyərkən də qarşımda yeni bir dünya canlanırdı. Amma kinonun öz qanunları var. 

Kənan Məmmədov: “Qətldən yeddi gün sonra” filminin natura çəkilişlərini Rafis müəllimlə birlikdə Moskvada seçdik. Baş rolları Donatas Banionis, Yuri Yakovlev,  Tatyana Lyutayeva və Moskvanın digər məşhur aktyorları oynayırdı. Aktyorlar tez-tez Bakıya gələ bilmədiyi üçün dekorasiyaların bir çoxunu Rafis müəllim Moskvada qurdu. Filmdə Mixail Romanoviçin (aktyor Yuri Yakovlev) evi, iş otağı işıq-təsvir baxımından incəliklə, dövrə aid olan əşyalara görə isə dəqiqliklə qurulub. Ümumiyyətlə, Rafis İsmayılov rəssam kimi böyük sənətkardır və kino çəkilişinin incəliklərini gözəl bilir. Onunla işləmək mənim üçün həmişə rahat olub.”

Rafis İsmayılovun sözügedən filmlə bağlı əlavələri də yerinə düşür: “Mixail Romanoviçin evinin dekorasiyasını M.Qorki adına kinostudiyada qurmaq üçün Moskvaya ezam olundum. Orda Sergey Portnoy adlı rəssamı mənə köməkçi verdilər və kinostudiyanın sexindən istədiyim mebelləri əldə edə biləcəyimi dedilər. Kinostudiyanın rekvizitlər  saxlanılan yerindən filmə lazım olan mebelləri seçdim və Rasim Ocaqova da bildirdim. Ertəsi günü həmin mebellərdən digər filmin çəkilişlərində istifadə edəcəklərini bildirib, bizə verə bilməyəcəklərini dedilər. Belə olduğu halda mən sınıq mebellərin hara atıldığını soruşdum. Kinostudiyada sınıq əşyaları topladıqları yerə gedib bizə lazım olan köhnə mebellərdən seçib təmir etdirdim. Qurduğum dekorasiya və mebellərdən uğurla istifadə etdik. Çəkilişlərimiz bitdikdən sonra isə dekorasiyanı sökməməyimizi bizdən xahiş etdilər və bildirdilər ki, həmin dekorativ fonda film çəkəcəklər. Sonra eşitdim ki, “Qətldən yeddi gün sonra” filmində istifadə olunan dekorasiya və rekvizitlərdən dörd filmin çəkilişlərində istifadə ediblər.

M.Qorki adına kinostudiyanın rəhbərliyi bir neçə dəfə Sergey Portnoy vasitəsilə mənə orada işləmək barədə təklif göndərsə də, bu təklifə razı olmadığımı bildirdim...”.

Kənan Məmmədov: “Azərbaycanın müasir təsviri incəsənətində miniatür janrında da işləyən əziz dostum mənə bu sənətin nümunəsi olan iki tablo bağışlayıb. Onlardan biri “Əlibaba və qırx quldur” mövzusunda olan miniatür əsərdir ki, evimdə saxlayıram və ona baxanda böyük zövq alıram. Digəri isə “Cavad xan” filminə aid olan miniatür  üslubda eskizlərdir.

Rafis İsmayılovla çox səfərlərdə, ölkələrdə olmuşam. O, dost kimi dəyərli, istiqanlı insandır. Onunla həm sənətkar, həm də bir dost kimi ünsiyyətdə olmaq maraqlıdır və  xoşdur...”.

Şəhla Əmirli
kinoşünas