Zamanın səhifələrində qalan olaylar, faktlar...
221 il əvvəl...
24 mart 1801-ci ildə Rusiya imperiyasında növbəti saray çevrilişi olub. Oğlu Aleksandrın razılığı ilə Çar I Pavel qətlə yetirilib. Bundan sonra Rusiya taxt-tacında I Aleksandrın 24 illik çarlığı başlayıb.
166 il əvvəl...
30 mart 1856-cı ildə Krım müharibəsinin (1853-1856) yekunlarına dair Parisdə Fransa, Prussiya, Britaniya, Türkiyə, Rusiya arasında sülh müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müharibə nəticəsində mövqelərini xeyli itirən Türkiyə və Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edilib. Osmanlı imperiyasının tərkibində Serbiya, Moldaviya və Valaxiyaya muxtariyyət təmin olunub.
155 il əvvəl...
30 mart 1867-ci ildə Rusiya Alyaskanı ABŞ-a satıb. Müqaviləyə əsasən, Rusiya imperiyasına daxil olan Alyaska yarımadası, habelə Aleut adaları və bir sıra kiçik adalar (ümumi sahəsi 1,519 milyon kvadrat kilometr) 7,2 milyon dollar (qızılla) müqabilində ABŞ-a verilib. Maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün buzlaqlarla örtülü nəhəng ərazini satanda Rusiyada heç kimin ağlına gəlmirdi ki, nə vaxtsa burada zəngin neft yataqları aşkarlanacaq.
104 il əvvəl...
30 mart 1918-ci ildə Bakıda erməni-daşnak və bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Ermənilər qırğına əvvəlcədən hazırlaşmışdılar. Türkiyə cəbhəsindən geri dönən rus əsgərlər S.Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”nin sərəncamında idilər. Dünya müharibəsindən qayıdan azərbaycanlıların əksəriyyəti isə Bakı yaxınlığında tərk-silah edilmişdi.
79 il əvvəl...
23 mart 1943-cü ildə alman faşistləri Belarusun Xatın kəndini əsasən qoca-qadın və uşaqlardan ibarət əhalisi ilə birlikdə yandırıblar. Kənddə 149 nəfər, o cümlədən 75 uşaq qətlə yetirilmişdi.
77 il əvvəl...
27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb. Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu. SSRİ-nin müsəlman respublikaları arasında ilk EA Azərbaycanda yaranmışdı.
75 il əvvəl...
23 mart 1947-ci ildə Britaniyanın Hindistan üzərində müstəmləkəsi dağılandan sonra Pakistan da müstəqilliyini elan edib. 1956-cı ildən Pakistan İslam Respublikası adlanır. Hindistanla Pakistanın ayrılması münaqişəsiz ötüşmədi, 1965 və 1971-ci illərdə iki ölkə arasında müharibə baş verdi. Münaqişəli Kəşmir məsələsi indiyədək həll edilməyib.
68 il əvvəl...
25 mart 1954-cü ildə Avropanın 6 dövləti (Fransa, Belçika, Lüksemburq, AFR, İtaliya, Niderland) Romada Avropa İqtisadi Birliyinin (“Ümumi bazar”) və Avropa Atom Enerjisi Birliyinin yaradılması barədə müqavilə imzalayıb. Bu qurumlar gələcək Avropa Birliyinin əsasını qoydu.
51 il əvvəl...
26 mart 1971-ci ildə Banqladeş Pakistandan ayrılıb. Britaniyanın müstəmləkəsi olan Banqladeş 1947-ci ildə Pakistan müstəqillik qazanarkən bu dövlətin tərkibində əyalət (Şərqi Benqaliya) idi. 1971-ci ildə referendum nəticəsində Pakistandan ayrılaraq müstəqil dövlət oldu. Ayrılma qarşılıqlı razılaşma əsasında baş verdi.
43 il əvvəl...
26 mart 1979-cu ildə Vaşinqtonda (Kemp-Devid iqamətgahı) ABŞ-ın vasitəçiliyi ilə ilyarım sürən İsrail-Misir danışıqları sülh müqaviləsi ilə yekunlaşıb. Sənədi İsrailin Baş naziri Menahem Beqin və Misir Prezidenti Ənvər Sədat imzalamışdı. Müqaviləyə (“torpaq əvəzinə sülh”) əsasən, İsrail işğal etdiyi Sinay yarımadasından çəkildi, Misir də onun suverenliyini qeyd-şərtsiz tanıdı.
33 il əvvəl...
26 mart 1989-cu ildə SSRİ-də alternativlik şəraitində ilk seçki keçirilib. SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər kvota) yeri uğrunda 10 min namizəd mübarizə aparıb.
30 il əvvəl...
24 mart 1992-ci ildə ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib. Sonrakı müddətdə Minsk konfransı çağırılmasa da, Minsk qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı.
Hazırladı: V.Orxan