Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyəti, doktorant və magistrantların iştirakı ilə ölkəmizdə qeyd olunan Elm Günü (27 mart) münasibətilə silsilə tədbirlər çərçivəsində ustad dərsi təşkil olunub.

Ustad dərsində Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli “Kitab marketinqi” mövzusunda məruzə ilə çıxış edib. Son dövrlər BDU-da təşkil olunan ustad dərslərini yüksək qiymətləndirən şöbə müdiri kitab marketinqinin məqsədi, mahiyyəti, müasir dövrdəki əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, kitab marketinqinin səmərəli təşkili əlaqələrin qurulması və geniş oxucu kütləsinin cəlb edilməsi baxımından mühüm amildir. Ona görə də kitab marketinqinə investisiya qoyulması kitab sənayesinin prioritetlərindən hesab olunur. Bu prosesin aparıcı qüvvəsi olan marketoloqlar istehlakçı təşviqinə şərait yaradır, nəticədə kitab bazarının canlanmasına, kitab məhsulunun ad və tiraj göstəriciləri baxımından inkişafına töhfələrini verirlər.

Mühazirədə kitab marketinqinin funksiyaları, marketinq planının elementləri, sosial media və blogerlərlə iş mexanizmlərinin tətbiqi, kitab reklamı kimi mövzular şərh edilib. Bu sahədə dünya və Azərbaycan təcrübəsi arasında paralellər aparılıb, innovativ istiqamətlərin tətbiqi ilə bağlı səmərəli təkliflər irəli sürülüb.

Akif Marifli həmçinin son dövrlər Mədəniyyət Nazirliyi tərəfindən kitabxana və nəşriyyatların fəaliyyət perspektivləri ilə bağlı aparılan islahatlar, həyata keçirilən layihələr və müəyyənləşdirilmiş hədəflər barədə də məlumat verib. Qeyd olunub ki, ölkənin kitabxana infrastrukturunun idarə edilməsində, oxuculara peşəkar kitabxana-informasiya xidmətlərinin göstərilməsində BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi məzunlarının mühüm rolu var və aparılan islahatlar sayəsində bu rol daha da artacaq.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Akif Marifli dinləyicilərin suallarını cavablandırıb.