Martın 30-da İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hildi Hamidi və səfirlik əməkdaşları Qusar rayonuna səfərləri çərçivəsində Qusar Dövlət Ləzgi Dram Teatrına da baş çəkiblər.
Yaradıcı heyətlə tanış olan diplomata sənət ocağının fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, multikultural dəyərlərin yüksək səviyyədə təmin olunduğu ölkəmizdə azsaylı xalqların mədəni inkişafına, dilinin, folklorunun qorunmasına xüsusi diqqət yetirilir. Sənət ocağında ləzgi dilində hazırlanan tamaşalar da bunun nümunəsidir.
Teatrın heyəti ilə tanışlıqdan məmnunluq ifadə edən səfir Azərbaycanın bölgələrində də peşəkar teatr fəaliyyətinin olmasını alqışlayıb. Qonaqlara ayrı-ayrı tamaşalardan ibarət kompozisiya və folklor nümunələri nümayiş olunub.