Tariximizin ən qanlı səhifələrindən olan 1918-ci ilin mart qırğınlarından 104 il ötür. Bu münasibətlə regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə müxtəlif tədbirlər keçirilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində keçirilən “Unudulmaz faciə” adlı tədbirdə muzeyin direktoru Sahib Məmmədov və Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov çıxış edərək soyqırımının ağır nəticələrindən söz açıblar. Sonra məktəblilər hərbi-vətənpərvərlik ruhunda şeirlər söyləyib, muzey tərəfindən mart soyqırımı ilə bağlı hazırlanmış videoslayd nümayiş etdirilib.

***

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Yaddaşlara həkk olan qətliam” mövzusunda elmi-praktik konfrans keçirilib. Mərkəzin əməkdaşları Mədinə Rzayeva və Vəfa Zamanova mövzu ilə bağlı çıxış ediblər. Sonra mart qırğınına həsr olunmuş “Sündü” qısametrajlı filmi nümayiş etdirilib.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Mart soyqırımı bəşəri cinayətdir” adlı anım tədbiri keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov və Quba Soyqırımı Memorial Kompleksinin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova çıxış ediblər. Tədbirin sonunda “31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür” adlı sərgiyə baxış olub.

***

İsmayıllı RMİ Ağsu rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Günü münasibətilə yığıncaq keçirilib. Tədbirdə ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edən 18 dəqiqəlik qısametrajlı film nümayiş olunub.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində isə “Tarixin qanlı salnaməsi” adlı kitab sərgisi təşkil edilib.

***

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində tariximizin bu qanlı səhifəsinə həsr olunan mühazirə təqdim edilib. Mərkəzdə ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri əks etdirən fotostend, Azərbaycan, ingilis, rus və digər dillərdə nəşr olunmuş kitab, buklet, dövri mətbuat materiallarından ibarət sərgi açılıb.

Şirvan Dövlət Rəsm Qalereyası, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Gənclər evinin birgə təşkilatçılığı ilə “Soyqırımı dəhşəti rəsmlərdə” adlı sərgi təşkil olunub. Sərgidə əsərləri fərqlənən müəlliflər diplomlarla təltif ediliblər.

***

Şəmkir RMİ Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Bolşevik-daşnak ittifaqının törətdiyi qırğınların günahsız qurbanları” mövzusunda tədbir keçirilib. Tədbirdə “Azərbaycanda soyqırımı silsilələri” mövzusunda məruzə dinlənilib, şagirdlər muzeydə soyqırımı ilə bağlı təşkil edilmiş sərgiyə baxıblar.

***

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı tədbir keçirilib. Muzeyin elmi işçisi Ziyalə Əliyevanın mövzuya dair mühazirəsi dinlənilib.

***

Biləsuvar RMİ-nin əhatə etdiyi Salyan Dövlət Rəsm Qalereyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil olunub.

***

Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “31 mart – tarixin qan yaddaşı” mövzusunda tədbir gerçəkləşib. Tovuz rayon MKS-nin direktoru Güldərən İbrahimova və rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova mövzu ilə bağlı çıxış ediblər.

***

Masallı RMİ Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “31 mart qətliamı” adlı tədbir keçirilib. Tədbirdə muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova faciə haqqında söz açıb.

***

Gəncə RMİ Gəncə şəhər Uşaq incəsənət məktəbinin filialında Azərbaycanlıların Soyqırımı Günü münasibətilə rəsm sərgisi təşkil edilib.

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialının keçirdiyi “Azərbaycanlılara qarşı törədilən soyqırımı aktı” adlı tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi, Məhsəti Gəncəvi Muzeyinin işçiləri və kitabxananın fəal oxucuları iştirak ediblər.

***

Şəki RMİ Şəkidəki R.Əfəndiyevin Ev-Muzeyində “Bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda məruzə təqdim olunub. Məruzədə erməni-bolşevik terrorçu dəstələrinin 104 il öncə xalqımıza qarşı həyata keçirdiyi soyqırımı haqqında məlumat verilib.

***

Bərdə RMİ-nin tabeliyində fəaliyyət göstərən Yevlax şəhər Heydər Əliyev Mərkəzində  “31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür” başlığı altında sərgi təşkil edilib.

Nurəddin Məmmədli