Aprelin 2-də İslam aləminin ən mübarək ayı olan Ramazan ayı başlanır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva qəbul edib.

“Artıq ikinci ildir ki, Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son vermiş millət kimi qədəm qoyuruq. Qarabağa zəfər yürüşünün əzmlə sona çatması Rəhman və Rəhim Allahın lütfü və tarixi ədalətin bərpası oldu”, – deyə fətvada bildirilir.

Qeyd olunur ki, Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur: “Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir”.

Diqqətə çatdırılır ki, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Təqvim idarənin saytında yerləşdirilib.