Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığına həsr olunan elmi sessiya keçirildi
Tofiq Bakıxanov dahi bəstəkarımız Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş, ulu babası Abbasqulu ağa Bakıxanovun poeziyasından ilhamlanaraq, atası Əhmədxan Bakıxanovun muğam ənənələrinə söykənərək, böyük müəllimi Qara Qarayevin sənət prinsiplərindən bəhrələnib öz yaradıcılıq yolunu cızmışdır. Bütün bunlar onun zəngin yaradıcılığında iz salaraq müxtəlif janrlı, rəngarəng məzmunlu əsərlərində təcəssüm olunmuş, bəstəkarı Azərbaycan musiqi mədəniyyətinin ön sıralarına çıxarmışdır.
İstedadlı bəstəkar, mahir skripkaçı, Xalq artisti, "Şöhrət” və “Şərəf” ordenli sənətkar Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr vermişdir.
Tofiq Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda dünyaya göz açmışdır. İlk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində skripka aləti üzrə respublikanın Əməkdar müəllimi Nilson İliç Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, skripka aləti üzrə (1953, Aleksandr Amitonun sinfi), bəstəkarlıq ixtisası üzrə (1957, Qara Qarayevin sinfi) bitirmişdir.
Tofiq Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, 100-dən artıq mahnı və romansın müəllifidir.
Bəstəkar 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR-in Xalq artisti" fəxri adı verilmişdir. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalının, 1998, 2000, 2001-ci illərdə Şimali Kipr Türk Cümhuriyyətində II, IV, V Beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. Haqqında resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, "Tofiq Bakıxanov" adlı televiziya filmi çəkilmişdir.
Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığı təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda ilk birpərdəli balet olan "Xəzər balladası" bəstəkarın yaradıcılığının vizit kartıdır. Xəzər neftçilərinə həsr olunmuş bu əsər 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Bir il sonra Parisdə keçirilən VII Beynəlxalq musiqi festivalında nümayiş olunmuş və böyük uğur qazanmışdır. Balet Fransanın bir çox şəhərlərində, keçmiş sovet ölkələrində səhnəyə qoyulmuş və müəllifə böyük şöhrət gətirmişdir.
***
2020-ci ildə Tofiq Bakıxanovun 90 yaşı tamam oldu. Məlum olduğu kimi, həmin il pandemiya ilə bağlı sərt karantin tədbirlərinə görə sənətkarın yubileyini istənilən səviyyədə keçirmək mümkün olmadı. 2021-ci il də müəyyən məhdudiyyətlərlə keçsə də, yubilyara həsr olunan müxtəlif tədbirlər – festival, konfrans, seminar, konsert və s. gerçəkləşdi. Görkəmli bəstəkarın 90 illik yubiley tədbirləri bu il də davam edir.
Bu günlərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika" elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Tofiq Bakıxanovun xaricdəki fəaliyyəti və yaradıcılığı” mövzusunda elmi seminar keçirildi.
Akademiyanın Qara Qarayev zalında bəstəkarın iştirakı ilə keçirilən seminarda çıxış edən BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə Tofiq Bakıxanovun yaradıcılığında xüsusi olaraq romantizmin cizgilərini vurğulayaraq əsərlərinin geniş təhlilini verdi.
Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bəstəkarın ifaçılıq və pedaqoji fəaliyyətindən bəhs edərək onun bu sahədəki nailiyyətlərini diqqətə çatdırdı.
Sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildikdən sonra laboratoriyanın elmi işçisi Nərminə Hüseynova Tofiq Bakıxanovun yaradıcılığını və xüsusilə də xarici ölkələrdə yaradıcılıq fəaliyyətini, dəyərli musiqi əsərlərinin Azərbaycan musiqi tarixindəki əhəmiyyətindən bəhs etdi. O, Tofiq Bakıxanov, Arzu Əlizadə və Fəridə Əhmədbəyova ilə Türkiyə və Şimali Kiprdə keçirilən konsertdə iştirakından danışaraq Azərbaycan musiqiçilərinin xaricdə böyük uğurlarının şahidi olduğunu qeyd etdi, təəssüratlarını həmkarlarını bölüşdü.
Nərminə Hüseynova çıxışının sonunda bəstəkara can sağlığı və yaradıcılıq uğurları arzuladı.
Sonra söz Tofiq Bakıxanovun bir sıra əsərlərini ölkəmizdə və onun hüdudlarından kənarda fəxrlə ifa edən BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Əhmədbəyovaya verildi. O, bəstəkarın əsərlərini ifa etməsindən qürur hissi keçirdiyini bildirdi, 1998-ci il mayın 8-də İstanbul Konservatoriyasında müəllifin kamera əsərlərinin uğurlu ifasından söz açdı. Daha sonra bəstəkarın əsərlərindən 4 prelüdü fortepianoda ifa edən Fəridə Əhmədbəyova elmi seminara xüsusi ovqat bəxş etdi.
Seminarın sonunda Tofiq Bakıxanov hər kəsə öz təşəkkürünü bildirərək dedi: “Mən çox xoşbəxt bəstəkaram ki, ərsəyə gətirdiyim bütün əsərlərim mən sağ ikən, nəinki Azərbaycanda, hətta dünyanın bir çox xarici ölkələrində səslənir...”.
Bəsti Kazımova
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının elmi işçisi