Martın 30-da Milli Kitabxanada “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin “Zəfər yolu” (Azərbaycan və ingilis dillərində), “Bir damla göz yaşında torpaq həsrəti” (Azərbaycan, rus və ingilis dillərində), “Laçın həsrətim” (Azərbaycan, türk, rus, ingilis dillərində) adlı kitablarının təqdimat mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Vətən torpağının işğaldan olunacağı günün intizarı ilə yaşayıb. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı.
Təqdim olunan kitablar haqqında məlumat verən direktor vurğulayıb ki, hər üç nəşrdə Qarabağ haqqında, onun tarixi, coğrafiyası, Milli Qəhrəmanları, şəhid və qaziləri haqqında məlumatlar öz əksini tapıb: “Ölkəmizin tarixi haqqında müxtəlif dillərdə dərc olunan kitablara ehtiyacı ən çox xaricdə keçirilən sərgilər, tədbirlər zamanı hiss edirik. Bu mövzuda kitabların nəşri, təqdim olunması bizim vətəndaşlıq borcumuzdur”.
Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye Pakistan ilə Azərbaycan arasında daim mövcud olan qardaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, 44 günlük II Qarabağ müharibəsi dönəmində Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında olaraq öz siyasi və mənəvi dəstəyini əsirgəməyib.
Nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirən səfir deyib ki, texnologiyaların inkişafı müasir dövrdə kitablara olan ehtiyacı azaltsa da, məhz bu mövzularda nəşrlərin olması çox vacibdir. Sonda diplomat müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Türkiyə və Azərbaycan İş Adamları İctimai Birliyinin (TÜİB) direktoru Hüseyn Büyükfırat çıxışında bildirib ki, Türkiyə Vətən müharibəsində daim qardaş Azərbaycanın yanında olub. O, qeyd edib ki, Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borcluyuq, onların bu fədakarlığını heç vaxt unutmamalıyıq.
Rumıniya Mədəniyyət Mərkəzinin rəhbəri İosefina Batto tədbirdə iştirakından məmnun olduğunu söyləyib. Rumın qonaq İradə Əlilini kitablarının müxtəlif dillərə tərcümə olunması münasibətilə təbrik edib. II Qarabağ müharibəsindəki Azərbaycanın Qələbəsindən şad olduğunu bildirib. O, həmçinin müəllifin Xocalı haqqında olan kitabının rumın dilinə tərcüməsi layihəsindən bəhs edib.
Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova çıxışında müəllifin Xocalıya həsr olunan kitabının ispan, italyan və fransız dillərində çap olunmasının nəzərdə tutulduğunu deyib.
Daha sonra “Macar-Azəri” Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşı Azadə Novruzova və digərləri çıxış edərək kitabların əhəmiyyətindən söz açıb, müəllifə təbriklərini çatdırıblar.
İradə Əlili çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirib. Həmçinin kitabların çapında əməyi keçənlərə təşəkkür edib.
Sonda iştirakçılar müəllifin kitablarından ibarət sərgisi ilə tanış olublar.