Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Teatr xadimi, rejissor, Xalq artisti Zülfüqar Abbasov 2022-ci il aprelin 1-də, ömrünün 81-ci ilində vəfat edib.
Zülfüqar Qulu oğlu Abbasov 1940-cı il may ayının 3-də Gürcüstanın Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdən teatr sənətinə maraq göstərib. Tiflisdə görkəmli səhnə xadimi İbrahim İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində çıxışlar edib.
O, 1962-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsini bitirib. Sonra Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunub. Burada Mehdi Məmmədov və Məlik Dadaşov kimi böyük sənətkarlardan sənətin sirlərini öyrənib. 1966-cı ildə ali təhsilini başa vurub, bir il sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrında əmək fəaliyyətinə başlayıb. İrəvan səhnəsində “Solğun çiçəklər” (C.Cabbarlı, eyni zamanda Bəhram rolunu oynayıb), “Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov) və s. pyesləri tamaşaya qoyub.
Zülfüqar Abbasov 1968-ci ildən Mingəçevir Dövlət Dram Teatrının rejissoru olub. 1992-ci ildən teatrın direktor, 1999-cu ildən isə baş rejissor kimi fəaliyyət göstərib. Rejissor Mingəçevir teatrında “Hacı Qara” (M.F.Axundzadə), “Eşq və intiqam” (S.S.Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” (S.Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Şeytan nəsli” (H.Muxtarov), “Dar ağacı” (B.Vahabzadə), “Ölülər” (C.Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri özünəməxsus rejissor yozumu ilə səhnəyə qoyub. Onun quruluşunda bu nümunələr uzun müddət teatrın repertuarını bəzəyib, tamaşaçıların rəğbətini qazanıb.
Bir müddət Qazax Dövlət Dram Teatrında da fəaliyyət göstərən, ömrünü milli teatrın inkişafına həsr edən Zülfüqar Abbasovun xatirəsi sənət dostları və teatrsevərlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.