Azərbaycan xalqının başına gətirilən ən dəhşətli müsibətlərdən biri – 1918-ci ilin mart soyqırımı bu dəfə Bakı Bələdiyyə Teatrının səhnəsində özünün teatr yozumunu tapdı.

Yaradıcı heyət azərbaycanlılara qarşı törədilmiş soyqırımının timsalında “Sən qayıdacaqsan” adı verdikləri bu tamaşa ilə ümumən bəşəriyyətin bəlası olan müharibələrə, terrora, kütləvi ölümə öz etiraz səsini qaldırmağa çalışdı.

Soyqırımı aktının 104-cü ildönümündə – martın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində baş tutan nümayiş tamaşaçıların marağına səbəb oldu.

Əsərin müəllifi və quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, ideya müəllifi Əməkdar artist Hüsniyyə Mürvətova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov idi.

Tamaşada rolları teatrın aparıcı aktyorları Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rafiq İbrahimov, aktyorlar Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova ifa edirdilər.

Tamaşa və ona olan seyrçi münasibəti “Bizdə müharibə mövzusundakı səhnə işləri geniş auditoriyanın marağına səbəb olmur”, yaxud “vətənpərvərlik, qələbə, torpağa bağlılıq kimi ideyalar ətrafında bəşəri yozum elə də effektli olmur” kimi itələyici fikirləri, uydurulmuş təəssüratları alt-üst etdi. Müasir səhnə elementləri, fərqli üslubların sintezi və ümumən sənədli teatrın plastika və musiqinin qüvvətli nüfuzu sayəsində istənilən mövzunun baxımlı alına biləcəyini göstərdi.

Səhnə işinin mövzu və ideyası sadə, ancaq aktualdır: bəşəriyyətin rifahı sülhdən asılıdır və baş vermə səbəbi, eləcə də coğrafiyasından asılı olmayaraq, bütün müharibələr bəşəriyyətin sonunu gətirir.

Bəhruz Vaqifoğlunun pyesi əsasında hazırlanan tamaşada qəhrəmanların adları ümumiləşdirilib, onların hər biri müharibəni və onun sonrakı fəsadlarını yaşayan insanlardır. Hər bir qəhrəman hər gün eyni vaxta qatar stansiyasına tələsir, eyni vaxta müharibədə itirdiklərinin yolunu gözləyir və daim çöhrələrində yoxluğun, məhrumiyyətin, mənəvi ölümün cizgilərini saxlayırlar.

Biz burada konkret insan taleləri və hadisələrin dramaturji ardıcıllıqla gedişatından çox ümumi planda, əslində, hər kəsin eyni aqibəti yaşayıb, eyni acını daddığını görürük.

Ağır və emosional təsir baxımından günümüzün gerçəkləri fonunda cərəyan edən hadisələr nikbin sonluqla bitir. Yəni tamaşaçı yenə ümidə sarılır və dünyanın, insanlığın, daha doğrusu, fərd olaraq özünün xilas imkanını görüb sevinir. Əsərin sonunda qəhrəmanlar yolayrıcıları birləşdirib bir düz yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur.

Səhnə əsərində müharibə qurbanlarının yaşantıları, müharibənin fəsadlarını yaşayan insanların hər birinin heç vaxt gəlməyəcəklərinin yolunu gözləməsi, bir sözlə, müharibənin ağrı-acısı aktyorların ifasında təsirli alınmışdı. Zaman-zaman savaşın canlı şahidləri, iştirakçıları olan sadə insanlar səhnədə baş verənləri, aktyorların ifasında təbii bir yanğı ilə bir-birini əvəzləyən səhnələri gördükcə istər-istəməz həyəcan qarışıq kədər hissləri keçirirdilər.

Tamaşada istifadə olunan bir çox dekorlar, geyim və digər rekvizitlər, hətta sözlər simvolik idi və hamısı ümumilikdə ideyanın tamamlanmasına xidmət edirdi.

Həmidə