Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı bilik yarışı

 

Aprelin 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Açıq dərs – açıq fikir” layihəsi çərçivəsində paytaxtın Nizami rayonundakı Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə “Tək inci” adlı bilik yarışması keçirildi.

Layihənin məqsədi gənc nəslə milli mədəni irsə qayğı və mənəvi dəyərlərə ehtiram hissinin aşılanması, Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustadlarının həyat və yaradıcılığının tanıdılmasıdır.

Görkəmli şairə Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyinə həsr olunmuş tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov, Könül Nurullayeva, Respublika Uşaq Kitabxanasının əməkdaşları, təhsil ocağının kollektivi, şəhid ailələri və digər qonaqlar iştirak edirdi.

Məktəbin direktoru Vüsalə Məmmədova və Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovanın giriş sözlərindən sonra “Missiya” internet televiziyasının redaktoru Lamiyə Rövşənqızı tədbir haqqında məlumat verdi. Bildirdi ki, Qarabağın işğaldan azad olunmasından sonra belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu gün Qarabağla, Şuşa ilə bağlı bütün tarixi şəxsiyyətlərin, o cümlədən Xurşidbanu Natəvanın ruhu şaddır.

Sonra məktəblilərin ifasında kompozisiya nümayiş etdirildi. Şagirdlər Qarabağ xanlığının qurucusu Pənahəli xanın, Şuşa zəfərinin simvolu olan Xarıbülbülün, vaxtilə Xurşidbanu Natəvanla görüşmüş fransız yazıçısı Aleksandr Dümanın obrazlarını canlandırdılar.

Xan qızı Natəvanın poeziyasına çəkilmiş rəsmlər qarşısında “Qərənfil”, “Bənövşə”, “Könlüm” və s. qəzəlləri səsləndirildi. Həmçinin qonaqlara Qarabağ bölgəsinə məxsus mətbəx nümunələri təqdim olundu.

Vətən müharibəsi şəhidi, həm də ifası ilə yaddaşlarda iz qoyan Xudayar Yusifzadənin anası Radə Qurbanova və Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova çıxışlarında tədbirin önəmini qeyd etdilər.

İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən bir parça nümayiş olunduqdan sonra bilik yarışı başladı. Məktəbin yuxarı sinif şagirdləri arasında keçirilən yarışmada Əli Mirzoyev I, Çinarə Hüseynova II, Ayşə Bodurova III yerlərə layiq görüldülər.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, millət vəkilləri Ceyhun Məmmədov, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, institutun Yeni dövr Azərbaycan dili və ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İslam Qəribli, M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimov və başqaları çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildirdilər.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bilik yarışının iştirakçılarına diplom təqdim etdi. Sonda xatirə şəkilləri çəkdirildi.

N.Məmmədli