Ümumi qiyməti 42 milyon avrodan çoxdur

 

İtaliyanın Milan və Udine şəhərlərindəki sərgilərdən geri gətirilən Rusiya muzeylərinə məxsus əşyalar Finlandiyada saxlanılıb. Finlandiya gömrük orqanları incəsənət əşyalarının üzərinə həbs qoyulduğunu təsdiqləyib.

Gömrüyün rəsmi nümayəndəsi Sami Rakşit bildirib ki, saxlanılan incəsənət əsərlərinin ümumi dəyəri 42 milyon avrodan çoxdur. Qiymətləri 10 milyon, 26 milyon və 6 milyon avro bəyan edilən üç yük Finlandiya gömrüyündədir. Lakin təhlükəsizlik məqsədilə onların dəqiq yeri göstərilmir.

İncəsənət əsərləri Rusiyaya qarşı tətbiq edilən ixrac sanksiyaları çərçivəsində saxlanılıb. Gömrük orqanları işlə bağlı təhqiqata başlayıblar.

Hadisə ilə bağlı Rusiyanın Mədəniyyət və Xaric İşlər nazirlikləri bəyanat yayaraq muzey əşyalarının saxlanılmasını hüquqi özbaşınalıq adlandırıblar.

Bildirilir ki, Milan və Udine şəhərlərində ötən ilin oktyabrından bu ilin martınadək iki layihə üzrə sərgilənən əsərlər Rusiya Dövlət Ermitajı (Sankt-Peterburq), Dövlət Tretyakov Qalereyası və A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin eksponatlarıdır.

V.Kamal