“Tullantıdan sənətə” muzeyini ziyarət etmisinizmi?

 

Paytaxtımızda yerləşən və sırf mədəniyyət profilli olmasa da, əslində, tarixi-mədəni və elmi irs məkanı sayılan muzeylər haqqında oxuculara məlumat verməyə davam edirik. Bu dəfə fotoqrafımızla yolumuzu “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində fəaliyyət göstərən “Tullantıdan sənətə” muzeyindən saldıq.

Bizi “Təmiz Şəhər” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Nigar Vəkilova və Sevinc Abdullayeva qarşıladı. Bələdçi xanımların bir ildə insanların təbiətə atdığı tullantıların miqdarı ilə bağlı statistik məlumatı, sözün həqiqi mənasında, insanı dəhşətə gətirir. Müsahiblərimiz bildirir ki, hər il 2 milyard tondan çox tullantı təbiətə atılır. Bu tullantılar arasında plastik qablar, sellofanlar, batareyalar və digər təbiət üçün həddən artıq təhlükəli olanlar da var. Onlar nəinki bu günümüzü, eləcə də 100, 300 il sonrakı həyatımızı da təhdid altına salır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində bu acınacaqlı vəziyyətlə bağlı bir sıra addımlar atılır. Tullantısız sənayenin genişləndirilməsi diqqətdə saxlanılır, təkrar istehsala önəm verilir. Ölkəmizdə də artıq bu istiqamətdə müəyyən işlər görülür.

 “Tullantıdan sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. Muzeyin yaradılmasında məqsəd insanlara tullantıların istifadəyə yararlı məhsullara çevrilməsi ideyasını təlqin etməkdir.

 

“Nəsiminin yolu”

 

Muzeyin girəcəyində ilk olaraq “Zirehli” adı verilmiş at kompozisiyası diqqətimizi çəkir. Dəmirdən hazırlanmış kompozisiyanın müəllifi Məmməd Rəşidovdur.

Məlum olduğu kimi, 2019-cu ildə dövlət başçısının müvafiq sərəncamı ilə ölkəmizdə “Nəsimi İli” elan olunmuşdu. Əlamətdar il münasibətilə muzeydə dahi şairə həsr olunan xüsusi guşə yaradılıb. Guşədə yer alan “Nəsimi” portreti ilk baxışdan diqqəti cəlb edir. Şərab şüşələrinin tıxaclarından hazırlanmış portretin müəllifi yaponiyalı sənətkar Tomonori Kubodur.

Həmin guşədə dahi şairlə bağlı daha bir eksponata diqqət kəsilirik. Çinarə Baxşıyevanın dəmir, güzgü parçaları və plastik əşyalardan yaratdığı “Nəsiminin yolu” ağacı hürufi şairin obrazını əks etdirir. Müəllif əsərdə tamaşaçıya iki əks vəziyyəti simvolik şəkildə göstərməyə çalışıb. Ağacın rəngli tərəfi Nəsiminin həyat və yaradıcılığına, solğun tərəfi isə onun edam olunmasına işarədir.

 

Qara Qarayevin portreti

 

Daha bir maraqlı eksponatın qarşısındayıq. ABŞ-dan olan sənətkar Tess Feliksin plastik əşyalardan hazırladığı dahi bəstəkar Qara Qarayevin portretinə tamaşa edirik. Nigar xanım vurğulayır ki, amerikalı sənətkarın plastik əşyalardan hazırladığı portretlər insan ruhunun təsviridir. Bu fiqurlar sanki ciddi bir problemə – okeanın təhlükəli vəziyyəti və ümumi dəniz həyatı problemlərinə maraqlı bir cavab formasıdır. Bəşəriyyət və plastik materiallar arasında yaradılmış ziddiyyət göstərir ki, biz bu vəhdətin bir hissəsiyik və bu problemə görə özümüz cavabdehlik daşıyırıq...

 

Sənətdən tullantıya

 

Muzeyin maraqlı eksponatlarından biri də Elvin Nəbizadənin yararsız işıq lampalarından hazırladığı “Qala qoyunu” adlı əl işidir. Həyatımızı işıqsız təsəvvür etmək çətindir. Heyvanlar da insan həyatında böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən, dərsindən, sümüyündən istifadə ediblər. Heyvanlar həm də təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlılardır. İnsan həyatında işıqlanmanın (mənəvi, daxili, praktiki, təbii işıqlanma) və heyvanların əhəmiyyətli rolunu nəzərə alan Elvin Nəbizadə öz ideyasını məhz işıq və qoyun üzərində cəmləşdirib.

Nəzrin Musayevanın siqaret kötüklərindən hazırladığı “Bumeranq” əsəri öz cəlbediciliyi ilə seçilir. Kollaj stilistikasına aid olan əsərin konsepti bundan ibarətdir ki, təbiətə vurduğumuz zərər bumeranq şəklində yenidən bizə qayıdır. Tural Möyüfov tərəfindən yaradılan “Sənətdən tullantıya” əsərinin əsas ideyası bəzi sənət nümunələrinin diqqətdən kənar qalması, onun zaman-zaman sıradan  çıxmasına və tullantıya çevrilməsinə səbəb olmasıdır. Tullantılardan yığılan bu kompozisiya sənət əsərindən əmələ gələn zibil axarı və həmçinin əlaqə pozulmadan əks istiqamətdə olan hərəkət əsasında qurulub.

Muzeyi gəzdikcə tullantılardan hazırlanan, insanı sənət və həyat, bəşəriyyətin gələcəyi ilə bağlı düşüncələrə qərq edən nümunələrə baxıb həm də narahatlıq keçirirsən. Necə narahat olmayasan; bir tərəfdən insanın təbiətə qənim kəsilib onu viranəyə çevirdiyini görür, digər tərəfdən onun sənət adına möcüzələr yaratmağına heyran qalırsan. Zibilliyin girdabına düşən ölmüş adam, təkər parçalarından velosiped, plastik tullantılardan dinozavr, dəmir qırıqlarından Simurq quşu, sərinkeş detallarından qurbağa, taxtadan atlar, plastik qaşıq, çəngəl və bıçaqlardan balıq, avtomobil hissələrindən milli musiqi alətimiz tar, daha nələr, nələr...

Nigar xanım bildirir ki, muzey yerli sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan əl işi ustalarının əsərlərinə də ev sahibliyi edir. Hazırda muzeydə 44 ölkənin 190 sənətkarının 180-ə yaxın əl işi var.

***

Muzey həftənin bütün günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Ziyarətçilər ödənişsiz olaraq burada nümayiş olunan eksponatlara baxa bilərlər.

Hər gün rastlaşıb narahat olduğumuz bir sıra tullantılardan hazırlanmış sənət əsərlərini görmək istəyirsinizsə, paytaxtın Xəzər rayonunun Qala qəsəbəsindəki “Tullantıdan sənətə” muzeyini ziyarət edin.

N.Məmmədli