Sumqayıt Dövlət Dram Teatrında daha yeni əsərin oxu məşqlərinə başlanılıb. Bu, Rövşən Ağayevin qələmə aldığı “Bir gecənin nağılı” pyesidir.
İki gəncin təsadüfi və ülvi məhəbbətini mövzu kimi götürən dramaturji materiala Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva quruluş verəcək. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Teatr rəhbərliyi bu dəfə də gənc aktyorların özlərini təsdiq etməsi üçün şərait yaradıb. Stolarxası məşqləri başlanan birhissəli tamaşada əsas rolları Elay Xasıyev və Məryəm Hüseynli oynayacaqlar.
Yeni tamaşanın may ayının sonunda tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur.