Kürdəmir RMİ tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “İstedad” baxış-müsabiqəsi elan edilib.
Baxış-müsabiqə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gənclər siyasətinin, gənc nəslə qayğının bu gün də davam etdiyini nümayiş etdirmək, gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəniyyət müəssisələrində bu işin daha da canlandırılması məqsədi daşıyır.
Müsabiqədə RMİ-nin əhatə etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarından bədii qiraət, musiqi və rəsm nominasiyaları üzrə 8-30 arası uşaq və gənclər, mədəniyyət müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin üzvləri və fərdi şəkildə iştirak etmək istəyənlər müraciət edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dən 20-dək regional idarənin əhatə etdiyi rayonlardakı nümayəndəliklərə elektron poçt və ya həmin müəssisələrin “Facebook” səhifələrinə, eləcə də birbaşa RMİ-yə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Müsabiqənin I (seçim) turu 25-30 aprel tarixində rayon nümayəndəlikləri tərəfindən keçiriləcək. II tur (yekun) mayın 4-də İmişli rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq və qaliblər həmin gün elan ediləcək. Qaliblər mayın 10-da Kürdəmir rayonunda keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.