Özbəkistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi barədə xəbər vermişdik. 6-9 aprel tarixini əhatə edən mədəniyyət günləri Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin Azərbaycan-Özbəkistan Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və incəsənət ustalarımızdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir.

Daşkənd və Sırxandərya vilayətini əhatə edən Azərbaycan mədəniyyəti günlərinin növbəti tədbiri Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda gerçəkləşib. İnstitutun rektoru, professor İbrahim Yuldaşev Bakıdan gələn qonaqları salamlayaraq xalqlarımızın tarixən bir-birinə bağlı olduqlarını diqqətə çatdırıb. Rektor iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirərək Özbəkistan və Azərbaycanın dövlət başçılarının səmimi dostluq münasibətlərini xüsusi vurğulayıb.

İki ölkə arasındakı mədəni əlaqələrin gündən-günə genişləndiyini qeyd edən İ.Yuldaşev Özbəkistan və Azərbaycanın ali təhsil ocaqları arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, hər il Özbəkistanın ayrı-ayrı şəhərlərində keçirilən Azərbaycan mədəniyyəti günləri qardaş ölkənin zəngin, təkrarsız mədəniyyəti ilə daha dərindən tanış olmağa imkan verir.

AMM-in direktoru Samir Abbasov dövlətlərimiz arasında mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən digər layihələr haqqında məlumat verib. O, rəhbərlik etdiyi mərkəzin bu istiqamətdə fəaliyyətindən söhbət açıb. S.Abbasov “Şuşa İli” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Termez Dövlət Universitetində Xurşidbanu Natəvan adına Mədəniyyət Ocağının açılacağını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Özbəkistanın gənc şairlərinin iştirakı ilə iki əsrdən sonra bərpa edilən “Məclisi-fəramuşan” poeziya məclisinin növbəti görüşləri Şuşada keçiriləcək və Özbəkistanın Xivə şəhəri ilə Azərbaycanın Şuşa şəhəri arasında “Qardaşlaşmış şəhərlər” layihəsi reallaşdırılacaq.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirərək xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb. Millət vəkili şair və yazıçılarımızın dostluğundan söhbət açaraq Azərbaycanın Xalq şairi Səməd Vurğunla görkəmli özbək şairi Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb.

Millət vəkili Müşfiq Cəfərov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb. Bildirilib ki, bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Özbəkistanda olub və yüksək səviyyədə görüşlər keçirib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb və bu işdə iki ölkənin Mədəniyyət nazirliklərinin əməkdaşlığı, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm rolunu qeyd edib.

Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun tələbələri azərbaycanlı modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və özbək milli libaslar kolleksiyasını nümayiş etdiriblər. Geyimlərdə hər iki ölkəyə məxsus naxışların əks olunduğu libaslar maraqla qarşılanıb.

Daha sonra tədbir geniş konsert proqramı ilə davam edib. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğamlarımızı, xalq mahnı və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını, institutun ansamblı isə Azərbaycan və özbək mahnılarını ifa ediblər.