Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərinə və dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş konsert təşkil edilib.

Azərbaycanın Braziliyadakı Səfirliyinin dəstəyi ilə keçirilən konsertdə Braziliya Dövlət Simfonik Orkestri Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə çıxış edib.

Tədbirin açılışında çıxış edən səfir Elxan Poluxov Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan olunduğunu diqqətə çatdırıb və konsertin bu əlamətdar hadisəyə həsr olunduğunu deyib. Səfir çıxışında bildirib ki, bu il həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illiyi tamam olur. Diplomat Azərbaycan bəstəkarlıq məktəbində simfonik muğam janrının banisi olan Fikrət Əmirovun zəngin yaradıcılıq irsi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Fikrət Əmirovun 100 illiyi UNESCO-nun yubileyləri proqramına da daxil edilib.

Sonra maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestri tamaşaçılara geniş musiqi proqramını təqdim edib. Gecədə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” simfonik muğamı, “Nəsimi dastanı”, həmçinin Vasif Adıgözəlovun 3 nömrəli piano və orkestr üçün konserti səslənib. Solist kimi Braziliyanın ən tanınmış pianoçusu, beynəlxalq mükafatlar sahibi Kristian Budu çıxış edib.

Şəhərin ən böyük konsert mərkəzi olan “Cidade Das Arches”dəki “Grande Sala”da baş tutan musiqi axşamı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertə yerli tamaşaçılarla yanaşı, şəhər meriyasının əməkdaşları, Braziliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Rio-de-Janeyroda fəaliyyət göstərən Azərbaycan bələdiyyə məktəbinin müəllim-tələbə heyəti və xarici qonaqlar qatılıblar.

Qeyd edək ki, Yalçın Adıgözəlovun rəhbərliyi ilə baş tutan konsert Braziliyada pandemiyanın başlanmasından sonra Azərbaycana həsr edilmiş ilk musiqi tədbiridir. Son 10 il ərzində maestro Braziliyada ümumilikdə 6 konsert verib və yerli dinləyiciləri Azərbaycan musiqi inciləri ilə tanış edib.