“Şuşa İli” soraqlı tədbirdə peşəkar tarzənlər iştirak edib

 

Azərbaycan Milli Konservatoriyasında (AMK) 4-7 aprel tarixində təşkil olunan Tar festivalı başa çatıb. Festival “Şuşa İli” münasibətilə gerçəkləşib. Aprelin 7-də konservatoriyada festivalın bağlanış mərasimi keçirilib.

AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxışında bildirib ki, ilk dəfə təşkil edilən festival böyük maraq doğurub: “Festival hətta tarını yerə qoymuş yaşlı ifaçıları belə yenidən bu alətə sarılmağa sövq edib. Bu, insanlarda tar alətinə olan əsl sevginin bariz nümunəsidir. Bu münasibəti nəzərə alaraq kamança, qanun və balaban alətləri üzrə festivallar da təşkil edəcəyik. Hətta xaricdən də ifaçılar dəvət etmək istəyirik. Qoy dünyanın müxtəlif yerlərindən, Türkiyədən, İrandan, Özbəkistan və digər ölkələrdən də peşəkar musiqiçilər gəlib öz məharətlərini bu səhnədə göstərsinlər”.

Rektor ilk festivalda tar ifaçılığında öz sözünü demiş ifaçılarla yanaşı, gənc tarzənlərin də həvəslə, məharətlə iştirak etdiklərini bildirib: “Onların hər biri bu gün ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edirlər. Bu, milli-mənəvi dəyərlərimizin təbliğatında ən əsas işlərdən biridir. Bir daha bütün festival iştirakçılarını təbrik edir onlara təşəkkürümü bildirirəm. Gələn il yenidən bu festivalda görüşərik”.

Siyavuş Kərimi festival iştirakçılarına AMK-nın təşəkkürnamələrini təqdim edib.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Festivalda iştirak etmiş ifaçıların bir qismi musiqi nömrələri ilə çıxış ediblər.

Lalə