Tuğ kənd Uşaq musiqi məktəbinin “Şuşa İli”nə töhfəsi
Aprelin 8-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocavənd rayon Tuğ kənd Uşaq musiqi məktəbinin “Şuşa İli”nə həsr olunmuş “Vətən mənim hər anım” adlı konserti keçirildi.
Konsert proqramı Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ), Xocavənd Rayon İcra Hakimiyyəti və DİA-nın təşkilatçılığı ilə gerçəkləşdi.
Dövlət rəsmiləri, Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi musiqi axşamında ilk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov qonaqları salamlayaraq qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarix yazaraq 30 illik işğala son qoydu, torpaqlarımızı düşməndən azad etdi. Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bu istiqamətdə silsilə tədbirlər keçirilir. Rektor Tuğ kənd Uşaq musiqi məktəbinin hazırladığı konsert proqramının da “Şuşa İli”nə töhfə olduğunu vurğuladı, məktəbə fəaliyyətində uğurlar arzuladı.
Sonra söz musiqiyə verildi.
Musiqi məktəbinin müəllim və şagird kollektivindən ibarət “Tuğ” ansamblı tərəfindən Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzulu əsərləri, xalq mahnıları və rəqsləri təqdim edildi.
İlk olaraq ansamblın ifasında “Şur” təsnifi səsləndirildi. Məktəbin 5-ci sinif şagirdi Güləhməd Talıbov mərhum xanəndə, bəstəkar Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” mahnısını ifa etdi. Məktəbin direktoru Səadət Cavadovanın ifasında Ramiz Mirişlinin “Qızlar bulağı”, müəllim Şəhriyar Musayevin (kamança) ifasında Fikrət Əmirovun “Laylay” mahnıları səsləndi.
Təhsil ocağının müəllimləri Nurlan Cəbizadə, Fuad Göyüşov, Ceyhun Qurbanov, məktəbin məzunu Zəhra Yusibova, IV sinif şagirdi Aylin İmanova və xor kollektivinin çıxışları da alqışlarla qarşılandı. İfaçıların təqdim etdiyi Qara Qarayevin “İldırımlı yollarla” baletinden rəqs, Həsən Rzayevin “Çahargah rapsodiyası”, Arif Məlikovun “Sehrli xalat” filminə yazdığı musiqi, Fikrət Əmirovun “Min bir gecə” baletinden rəqs, Vaqif Mustafazadənin “Fantaziya”, Cahangir Cahangirovun “Ana yurdum”, Emin Sabitoğlunun “Limanda”, “Azərbaycan” mahnıları və xalq rəqsi “Qavalla rəqs” tamaşaçıların könlünü oxşadı.
Musiqi axşamında həmçinin Vətən müharibəsi qaziləri, müğənnilər İdris Hüseynov Süleyman Ələsgərovun “Vətənimdir”, Məbud Əhmədov isə “Şuşanın dağları” mahnısını ifa etdi.
Sonra musiqi məktəbinin müəllimi Ceyhun Qurbanovun sözləri Baba Vəziroğluna məxsus olan “Canımız Vətən” adlı mahnıya çəkilən klipi təqdim edildi.
Konsert proqramı məktəbin xor kollektivinin (xormeyster – Amaliya Qasımova) ifasında Eldar Mansurovun “Sabaha inam” mahnısı ilə başa çatdı.
Tədbirin sonunda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və Tuğ kənd Uşaq musiqi məktəbinin direktoru Səadət Cavadova konsert haqqında təəssüratlarını bölüşdülər.
Nurəddin Məmmədli