Mədəniyyət naziri Anar Kərimovun əmri ilə İbrahim Müseyib oğlu Əliyev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi təyin olunub.

Aprelin 13-də Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində yeni rəhbərin kollektivə təqdimatı keçirilib. Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri – Aparatın rəhbəri vəzifəsini icra edən Vüqar Məmmədov İbrahim Əliyevi kollektivə təqdim edib.

Baş idarənin Mədəniyyət Nazirliyinin aparıcı qurumlarından biri olduğunu vurğulayan Vüqar Məmmədov “Şuşa İli” çərçivəsində keçiriləcək tədbirlərdə, təcrübə mübadilələri zamanı idarədə çalışan mütəxəssislərin yaxından iştirak etməsinin, bölgələrlə paytaxt müəssisələri arasında birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

İbrahim Əliyev çıxışında göstərilən etimada görə mədəniyyət naziri Anar Kərimova təşəkkürünü bildirib və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyət sahəsində qarşıya qoyduğu vəzifələri Bakı şəhəri üzrə uğurla yerinə yetirməyə çalışacağını söyləyib.

Sonra Vüqar Məmmədov idarə qarşısında duran əsas vəzifələrdən söhbət açıb və altı ay ərzində strateji qiymətləndirmələrin aparılması, həssas təbəqələrlə, xüsusilə şəhid ailələri və qazilərlə işin müntəzəm təşkili, mətbuatla iş və ictimaiyyətlə əlaqələrin genişləndirilməsini vurğulayıb. O, qeyd olunan sahələr üzrə tövsiyələr verərək kollektivə uğurlar arzulayıb.

İbrahim Müseyib oğlu Əliyev 1976-cı ildə anadan olub.  Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr (avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası) və magistr (texniki sistemlərdə idarəetmə və informatika ixtisası) pillələri üzrə ali təhsil alıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə, Azərbaycan Texniki Universitetini nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisası üzrə bitirib.

Kənd Təsərrüfatı Nazirliyində, Bakı Kompüter Liseyində, Azərbaycan Hava Yolları QSC-də, İqtisadi İnkişaf Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2004-2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.