İfrat yoxsulluq 260 milyondan çox insanı təhdid edir

 

Pandemiya, artan qlobal bərabərsizlik və ərzaq qiymətləri nəticəsində 2022-ci ildə yüz milyonlarla insan ifrat yoxsulluğa düçar ola bilər.

Bu barədə “Oxfam” təşkilatının “Əvvəlcə böhran, sonra fəlakət” adlı hesabatında deyilir. Bildirilir ki, bu vəziyyət Ukraynadakı hərbi əməliyyatlarla daha da gərginləşəcək.

Hesabatda bildirilir ki, bu ilin sonunadək ümumilikdə 860 milyon insan ən aşağı yoxsulluq vəziyyətinə (adambaşına 1,9 dollardan az gündəlik gəlir) düşə bilər. Bu vəziyyət dünyada aclıq səviyyəsində də özünü göstərir. Bu il qida çatışmazlığından əziyyət çəkən insanların sayı 827 milyon nəfərə çata bilər.

Dünya Bankı hesab edir ki, COVİD-19 və artan bərabərsizlik 2022-ci ildə 198 milyondan çox insanı həddindən artıq yoxsulluğa düçar edə bilər. Dünya Bankının araşdırmasına əsaslanan “Oxfam” hesab edir ki, qlobal miqyasda artan ərzaq qiymətləri əlavə 65 milyon insanı da ifrat yoxsulluğa sürükləyəcək və ümumi rəqəm 2022-ci ildə 263 milyon nəfərə çatacaq.

“Oxfam” G-20 ölkələrini, Dünya Bankını və Beynəlxalq Valyuta Fondunu yoxsul ölkələrə yardımı artırmağa və borclarını dərhal bağışlamağa çağırır.